Tələbələr BDU-nun tarixi muzeyini ziyarət ediblər

Jurnalistika fakültəsinin I kurs tələbələri BDU-nun tarixi muzeyini ziyarət ediblər.
Muzeyin müdiri Günel Orucəliyeva tələbələrə Bakı Dövlət Universitetinin (BDU) zəngin tarixi, ölkəmizin ictimai-siyasi, elm və təhsil həyatındakı rolu, tanınmış məzunları haqqında geniş məlumat verib.
Tələbələr muzeydə Universitetin tarixini əks etdirən ekspozisiyalarla, tədris prosesində vaxtilə istifadə olunmuş avadanlıq və cihazlarla tanış olublar. Azərbaycan xalqının Ümummilli Lideri, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilmiş Universitetin Fəxri doktoru diplomları, Universitetin Fəxri doktoru adına layiq görülmüş digər müxtəlif ictimai-siyasi, elm xadimlərinin, dünyaca tanınmış şəxsiyyətlərin fotoşəkilləri, onlara verilən diplom nümunələri tələbələrdə xüsusi maraq doğurub.