Jurnalistika fakültəsi sıx şəkildə ölkə mediası ilə əməkdaşlıq edir. Tələbələrin gələcəkdə işlə təmin edilməsini təmin etmək məqsədi ilə, son bir ildə fakültəmizdə peşəkar media quruluşlarının rəhbərlərinin iştirakı ilə kastinqlər təşkil edilməkdədir. Bu kastinqlərin nəticəsi olaraq yuxarı kurslarda oxuyan tələbələrimizin bir çoxu AzTV, CBS, İTV, ATV, ARB24, Real kimi ölkənin aparıcı və nüfuzlu televiziya kanallarında, eyni zamanda bir sıra aparıcı internet portallarında, informasiya agentliklərində iş təklifləri almışlar. Keçirilən bu kastinqlərin nəticəsi olaraq 2018-ci il bakalavr buraxılışının təqribən 35 faizi hazırda istehsalatda çalışmaqdadır.
Fakültə tələbələrimizin birbaşa iştirakı ilə “Jurnalist” tədris qəzeti hazırlanır və “525-ci Qəzet” və “Şərq” qəzetində xüsusi əlavə olaraq yayımlanır.
Jurnalistika fakültəsi eyni zamanda son bir ildə müxtəlif dövlət strukturları və nazirliklərlə də müştərək treninq və təlimlərin təşkilinə ciddi önəm verməkdədir. Bununla əlaqədar olaraq 2019-cu ilin fevral ayında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Aqrar jurnalistika”, may ayında isə Vergilər Nazirliyi ilə birgə təşkil edilmiş “İqtisadi jurnalistika” təlim kurslarını qeyd etmək lazımdır. Hər iki kursda tələbələrimiz aktiv iştirak etməklə yanaşı, müvafiq sertifikatlarla da təltif ediliblər. Daha bir neçə nazirliklə, o cümlədən Müdafiə Nazirliyi ilə müvafiq profil istiqamətinə uyğun olaraq kursların təşkil edilməsi nəzərdə tutulub.
TİKA ilə əməkdaşlığın nəticəsi olaraq 2016-cı ildə təmir edilən və ən müasir texniki avadanlıqlarla təchiz edilən yenilənmiş Tədris tele-radio studiyasında bu gün tələbələrimizin praktik vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
2019-cu ilin may ayının 22-də BDU-nun 100, fakültənin ilə 50 illiyi münasibəti ilə MİMTA və BDU arasında imzalanmış müqaviləyə əsasən Jurnalistika fakültəsinin nəzdində “Füyuzat” Mərkəzinin açılışı olub. Mərkəzin açılmasında başlıca məqsəd xalqımızın milli-mənəvi dəyərlərini, irsini, mədəniyyətini, tarixini qoruyub saxlamaq və inkişaf etdirmək, tələbələrin bilik və bacarıqlarını artırmaq, istedadlı gənclərin inkişafına yardım göstərməkdir. Mərkəzin xətti ilə ödənişsiz əsaslarla “media dizayn” kursları keçirilib və daha bir neçə kursun təşkili nəzərdə tutulur.
AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Jurnalistika fakültəsi arasında bağlanmış əməkdaşlıq sazişinə əsasən, 2019-cu ilin noyabr ayından “WikiGroup”ların fəaliyyətinə də start verilib. Məqsəd Azərbaycan və başqa dillərdə “Vikipediya”da məqalələrin yaradılmasında və redaktə olunmasında Jurnalistika fakültəsinin tələbələrinin iştirakını təmin etməkdir. Yaradılan “Vikipediya” Metodik Mərkəzinin könüllüləri boşluqların aradan qaldırılmasına səmərəli töhfə verilib.
Fakültə eyni zamanda Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, fakültədə "Mətbuat Şurası" otağı yaradılaraq nəzərdə tutulan müxtəlif tədbir və təlimlərin keçirilməsinə şərait yaradılıb..