Fakültənin tarixi

Fakültə müəllimləri konfransda 1980Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nın universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) qoyulmuşdur. Həmin dövrdə Jurnalizm kafedrası tələbələrinin nəşr orqanı sayılan "Student-jurnalist" qəzetinə müsahibə vermiş kafedra müdiri S.Sredinski (həmin müsahibəni götürən tələbə Hadi Mirzəzadə sonralar dil tarixi üzrə məşhur alim, Bakı Dövlət Universitetinin professoru olmuşdur) göstərirdi ki, "...bu vaxtadək Şuralar İttifaqında jurnalizm tədrisatı iki məktəbdə keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda" ("Student-jurnalist" №1, iyun-1929).

Müəyyən fasilədən sonra 1945-ci ildən Filologiya fakültəsi nəzdində yaradılan Jurnalistika şöbəsi 25 il bir kafedra - Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur. Kafedranın ilk müdiri təcrübəli qəzet işçisi, tanınmış dövlət xadimi və ictimai xadim dosent Həsən Şahgəldiyev olmuşdur. Onunla birlikdə milli jurnalist kadrları hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri - İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Məmməd Arif, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev gələcəkProfessorlar Mir Cəlal Paşayev və Nəsir İmanquliyev jurnalistlərin ilk müəllimləri olmuşlar.

1950-ci ildə şöbənin birinci buraxılışı olmuşdur. 70 ilə yaxın bir dövrdə fakültə dörd minədək jurnalist-məzun yetişdirmişdir. Onların böyük əksəriyyəti ayrı-ayrı informasiya orqanlarında, dövlət strukturlarında, ictimai təşkilatlarda, tədris müəssisələrində uğurla çalışmış və çoxu bu gün də gərəkli fəaliyyətlərini davam etdirir. Azərbaycan jurnalistikasının və ictimai-siyasi fikrinin inkişafında bu şəxslərin xidmətləri danılmazdır. Xəlil Rza Ulutürk, Şirməmməd Hüseynov, Rəşid Mahmudov, Famil Mehdi, Tofiq Rüstəmov, Osman Mirzəyev, Namiq Abbasov, Azərbaycanın Milli Qəhrəmanları Alı Mustafayev, Kazımağa Kərimov və onlarla başqaları yüksək peşəkarlıq və sənətdə ciddiyyət dərsləri ilə yanaşı, fakültədə həm də vətəndaşlıq məktəbi keçmişlər.

1969-cu ildə jurnalistika şöbəsi fakültəyə çevrilmişdir. Onun ilk dekanı professor Nurəddin Babayev olmuşdur. Sonrakı illərdə professor Şirməmməd Hüseynov (1970-1976), dosent Seyfulla Əliyev (1976-1979), professor Tofiq Rüstəmov (1979-1988), dosent Nəriman Zeynalov (1989), dos. Akif Rüstəmov (1989-1999), professor Yalçın Əlizadə (1999-2012), profesor Şamil Vəliyev (2012-2016) dekan vəzifəsində çalışmışlar. 2017-ci ildən isə filologiya üzrə elmlər doktoru, dosent Vüqar Əliyev fakültənin dekanıdır.

İmtahan prosesi (1983)İndi fakültədə tədris, elmi-metodik mərkəz kimi 4 kafedra fəaliyyətdədir: Yeni media və kommunikasiya nəzəriyyəsi (1945), Milli mətbuat tarixi (1971), Multimedia və elektron kommunikasiya (1981), Beynəlxalq jurnalistika və informasiya siyasəti (2004).

 Yeni media və kommunikasiya nəzəriyyəsi(keçmiş jurnalistikanın nəzəriyyəsi və təcrübəsi) təkcə Bakı Dövlət Universitetində deyil, bütövlükdə, ölkənin media mühitində öz yeri, təsir gücü, tədris, elmi-praktik səviyyəsi ilə seçilən bir kafedradır. Milli mətbuatın və jurnalistikanın tarixi təşəkkülünü, inkişaf mərhələlərini tədris edən Milli mətbuat tarixi kafedrası irs-varislik əlaqəsinə istinad edərək milli mənbələrin araşdırılmasını, xüsusən, tarixi təcrübə ilə nəzəri fikri vəhdətdə götürərək onun müasir gerçəkliyə tətbiqini mühüm vəzifə sayır.

XX əsrin 70-ci illərində fakültənin tədris qruplarında televiziya və radio jurnalistikası üzrə ixtisaslaşmalar son nəticədə Televiziya və radio jurnalistikası (indiki Multimedia və elektron kommunikasiya) kafedrasının yaradılmasına gətirib çıxarmışdır. Kafedranın nəzdində Tədris tele-radio studiyası fəaliyyət göstərir.Kafedra iclasında (1980-ci illərin axırı)

Jurnalistikasının beynəlxalq standartları ilə geniş təmasa duyulan ehtiyac, fakültənin magistratura pilləsində bu sahə üzrə kadr hazırlığının həyata keçirilməsi 2004-cü ildə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının yaradılmasını zəruri etmişdir. Kafedra fakültədə bakalavr pilləsi üçün ümumi, magistratura pilləsi üçün ixtisas fənlərinin tədrisi ilə məşğuldur.

Həmişə dövlətin strateji maraq sahəsi hesab olunmuş təhsil, onun inkişaf dinamikası, dünyanın qabaqcıl təhsil qurumları ilə inteqrasiya Azərbaycan müstəqillik əldə etdikdən sonra daha ön mövqeyə çıxmışdır. Bu, jurnalistika fakültəsinə də xeyli keyfiyyət və kəmiyyət dəyişikliyi gətirmişdir. "Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir". Ümummilli lider Heydər Əliyevin jurnalistikanın çoxspektrliyinə verdiyi belə dəqiq səciyyə bugünkü tələbəyə - sabahın məzununa kifayət qədər universal peşə vərdişləri aşılamaq zərurətini bir daha daimi edir. Təhsil sistemində strateji dəyişikliklər və çevik taktiki addımlar da məhz həmin zərurətdən doğur.

Bu gün Azərbaycanda ali jurnalistika təhsilinin yeni konsepsiyası formalaşmaqdadır. Əgər sovet dövründə peşəkarlıqla yanaşı, gələcək mütəxəssisin dünyagörüşünü, baxışlarını, fəlsəfi düşüncələrini vahid prizmadan formalaşdırmaq başlıca məqsəd sayılırdısa, indi bu yanaşma üsulundan imtina təhsildə plüralist, demokratik təsisatlara yol açmış, sabahın jurnalistlərinə öz baxışlarını, müxtəlif ictimai-siyasi proseslərə fərdi yanaşma üsullarını formalaşdırmaq imkanı vermişdir.

Fakültədə elmi tədqiqatların əsas istiqamətləri müasir dövr Azərbaycan jurnalistikasının sənətkarlıq problemləri, XXI əsrdə televiziya və radiojurnalistikası: meyllər, perspektivlər, Azərbaycan jurnalistikası tarixinin problemləri və beynəlxalq jurnalistikanın aktual problemlərindən ibarətdir.

Təhsil bakalavr və magistratura pillələri üzrə Azərbaycan (əyani və qiyabi), rus (əyani) və ingilis (əyani) dillərində aparılır. 32 müəllimdən 7 elmlər doktoru, professor, 18 nəfəri isə elmlər namizədi, dosentdir.Bakalavr pilləsində 600-ə qədər, magistr pilləsində 46 tələbə təhsil alır. 7 doktorant, 35 dissertant elmi-tədqiqat işləri üzərində çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət