Jurnalistika fakültəsində mövcud olan klub və dərnəklər
GƏNC JURNALİSTLƏR KLUBU
2017-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə birgə yaradılmışdır. Klub iki qurumun birlikdə hazırladığı Əsasnamə ilə fəaliyyəti göstərib. Gənclərin bilik və bacarıqlarının artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist kadrların hazırlanması, jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər, ictimai xadimlər və yazarlarla görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi klubun əsas fəaliyyət istiqamətləri olub.
“KİTAB QURDU” KLUBU
2018-ci ilin dekabr ayından Fakültə Tələbə Elmi Cəmiyyətinin tərkibində fəaliyyət göstərir. Klubda üç dəfə kitab müzakirəsi keçirilib. 2019-cu ilin aprelində Azərbaycan Yazıçılar Birliyində “Oxu, danış və qazan” adlı layihə reallaşdırılıb. Müxtəlif vaxtlarda Rəşid Məcid, Şəmil Sadiq və digər tanınmış ziyalılarla görüşlər təşkil edilib.
TƏLƏBƏDƏN-TƏLƏBƏYƏ
“Tələbədən Tələbəyə” layihəsi 2014-cü ildən Bakı Dövlət Universiteti Jurnalistika fakultəsində həyata keçirilir. Bu,tələbələrin peşəkarlıq inkişafını hədəfləyən təlim formatlı bir layihədir. Həvəsləndirici və maarifləndirici xarakter daşıyan layihənin məqsədi jurnalistika sahəsində tələbələrin ilkin biliklərini formalaşdırmaq, fakültə tələbələri üçün praktik işləmə və təcrübə qazanmaq imkanı yaratmaqdır. Digər layihələrdən fərqi təlimçilərin peşəkar jurnalistlərdən və müəllimlərdən deyil, məhz bu sahədə təcrübəsi olan tələbələrdən ibarət olmasıdır. Layihənin rəhbəri Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva olub.
BEYNƏLXALQ JURNALİSTİKA MƏKTƏBİ
2017-ci ilin dekabrından bu layihəyə start verilib. Layihənin məqsədi beynəlxalq jurnalistika anlayışının mahiyyəti, beynəlxalq jurnalist təşkilatlarının fəaliyyəti, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və başqa mövzular üzrə tələbələri maarifləndirmək idi. İlkin olaraq 10 həftəlik təlimlər həyata keçirilib və nəticədə iştirakçılara müvafiq sertifikatlar verilib. Layihə çərçivəsində jurnalistika sahəsində 30 illik təcrübəyə malik Böyük Britaniyalı Dan Mason, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan və digər mütəxəssislər tələbə-jurnalistlərə təlimlər keçiblər.
“Vİ-Kİ” QRUPLAR
2019-cu ilin oktyabrında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü və Jurnalistika fakültəsinin dekanlığı ilə tələbələrə təlim keçmək məqsədilə yaradılıb. Məqsəd tələbələrə “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verməkdir. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.
|
QRAFİK DİZAYN TƏLİMLƏRİ
2019-cu ilin oktyabrından MİMTA fondunun və Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Füyuzat” Media Mərkəzində tələbə-jurnalistlərəqrafik-dizayn təlimlərinə başlanılıb. Təlimlərin əsas məqsədi tələbə-jurnalistlərin peşəkar kadr kimi hazırlan-masını, fərdi inkişafını təmin etməkdir. Fakültənin yuxarı kurs tələbələri üçün nəzərdə tutulan dərslərin ilk 3 aylıq mərhələsində Adobe Photoshop, Adobe İllustrator, Adobe İnDesign proqramlarının tədrisinəzərdə tutulub. Təlimlər “Füyuzat” Media Mərkəzinin dəvət etdiyi mütəxəssis Murad Əzimov tərəfindən ödənişsiz qaydada həyata keçirilib.
|