Elmi-tədqiqat istiqamətləri və prioritetləri

Bu gün ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində əksər informasiya vasitələri bütövlükdə cəmiyyətin, ayrı-ayrılıqda onun hər bir üzvünün siyasi mədəniyyətinin, sağlam dünyagörüşünün, həyata baxışının, mövqeyinin formalaşmasında, intellektual səviyyəsinin yüksəlməsində, mənən zənginləşməsində önəmli rol oynayır. Məmnunluq doğuran haldır ki, bu proseslərin gedişində Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin çoxsaylı məzununun peşəkar fəaliyyəti və yaradıcılıq dəsti-xətti aydın görünür. 
Azərbaycanda ali jurnalistika təhsili həmişə seçilən və kifayət qədər nüfuzu olan sənət istiqamətlərindən sayılmışdır, çünki tarixən cəmiyyətin özündə jurnalistikaya, xüsusən də ciddi jurnalistikaya həmişə dərin ehtiram və hörmətlə yanaşılmışdır.
Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. 
Onunla birlikdə milli jurnalist kadrları hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri – Nəsir İmanquliyev, İsrafil Nəzərov, Qılman İlkin, Rza Quliyev də cəlb edilmişlər. Məmməd Arif, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Məmməd Qazıyev də gələcək jurnalistlərin ilk müəllimləri olmuşlar. 
1950-ci ildə şöbənin birinci buraxılışı olmuşdur. Bu günədək 4 minə qədər məzuna jurnalist diplomu verilmişdir. Xəlil Rza Ulutürk, Şirməmməd Hüseynov, İslam Səfərli, Rəşid Mahmudov, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov, Mailə Muradxanlı, Bəxtiyar Sadıqov, Rəşad Məcid, Mirşahin, Alı Mustafayev, və onlarla tanınmış söz sahibi bu məzunlar cərgəsindədir. 
Alı Mustafayev və Kazımağa Kərimov Azərbaycanın Milli Qəhrəmanları olmuşlar.
Yeni media və kommunikasiya nəzəriyyəsi(əvvəki adı Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi) kafedrası təkcə Bakı Dövlət Universitetində deyil, bütövlükdə ölkə media mühitində öz yeri, təsir gücü, tədris, elmi-praktik səviyyəsi ilə seçilən bir kafedradır. Jurnalistikanın müasir nəzəri modelləri, Azərbaycan KİV-də bu modellərin yeri, peşə etikası, KİV-in hüquqi tənzimlənməsi kimi problemlər kafedranın diqqət mərkəzindədir. 
Milli mətbuatın və jurnalistikanın tarixi təşəkkülünü, inkişaf mərhələlərini tədris edən Milli mətbuat tarixi (əvvəlki adı Mətbuat tarixi) kafedrası irs-varislik əlaqəsinə istinad edərək milli mənbələrin araşdırılmasını, xüsusən tarixi təcrübə ilə nəzəri fikri vəhdətdə götürərək onun müasir gerçəkliyə tətbiqini mühüm vəzifə sayır. Ardıcıl elmi-nəzəri axtarışlar aparan kafedrada çoxsaylı tədqiqatın nəticəsi işıq üzü görmüşdür. Azərbaycan mətbuatının "Həyat", "İrşad", "Füyzat", "Azərbaycan" (1918-1920) kimi nümunələrinin proqram xarakterli ilk saylarının ərəb qrafikalı əlifbadan latın qrafikasına çevrilib nəşr olunması xüsusi önəm daşıyır. 
XX əsrin 70-ci illərində fakültənin tədris qruplarında televiziya və radio jurnalistikası üzrə ixtisaslaşmalar son nəticədə Multimedia və elektron kommunikasiya (əvvəlki adı Televiziya və radio jurnalistikası) kafedrasının yaradılmasına gətirib çıxarmışdır. Bu kafedranın formalaşmasında, onun tədris və elmi yaradıcılıq istiqamətlərinin müəyyənləşməsində o zaman Moskva Dövlət Universiteti televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışan həmyerlimiz, professor Ənvər Bağırov və professor Tofiq Rüstəmovun xidmətləri böyük olmuşdur. Hazırda kafedra yaradıcı potensialını "Televiziya və radio jurnalistikası XXI əsrdə: meyllər, perspektivlər" istiqamətində tədqiqatlar üzərində cəmləşdirmişdir. 
Jurnalistikanın beynəlxalq standartları ilə geniş təmasa duyulan ehtiyac, fakültənin magistratura pilləsində bu sahə üzrə kadr hazırlığının həyata keçirilməsi 2004-cü ildə Beynəlxalq jurnalistika və informasiya siyasəti (əvvəlki adı Beynəlxalq jurnalistika) kafedrasının yaradılmasını zəruri etmişdir. Beynəlxalq jurnalistikanın aktual problemlərini araşdırmaq, xarici ölkələrin müasir KİV sisteminin müsbət yaradıcılıq təcrübəsini öyrənib ümumiləşdirmək, dövrün qlobal problemləri ilə jurnalistikanın təmas nöqtələrini müəyyənləşdirmək kafedranın başlıca vəzifələrindən sayılır. 
Həmişə dövlətin strateji maraq sahəsi hesab olunmuş təhsil, onun inkişaf dinamikası, dünyanın qabaqcıl təhsil qurumları ilə inteqrasiyası son illərdə  daha ön mövqeyə çıxmışdır. Bu, jurnalistika fakültəsinə də xeyli keyfiyyət və kəmiyyət dəyişkliyi gətirmişdir. Jurnalistikanın çoxspektirliliyi  bu günkü tələbəyə – sabahın məzununa kifayət qədər universal peşə vərdişləri aşılamaq zərurətini bir daha daimi edir. 
Aparılan təhsil islahatları çərçivəsində jurnalistika fakültəsi həmişə pilot fakültə kimi çıxış etmişdir. Təxminən 20 il əvvəl universitetdə biliyin qiymətləndirilməsinin çoxballı sisteminə keçən ilk iki fakültədən biri jurnalistika fakültəsi olmuşdur. 2006/2007-ci tədris ilindən universitetdə kredit sisteminin tətbiqi də jurnalistika fakültəsindən başlamışdır. Bu etimadı və inamı fakültəyə  kollektivin daim yeniliyə meyliliyi, dünya təhsilində gedən müsbət prosesləri zamanında duyması, potensialını buna uyğun səfərbərliyə almaq bacarığı qazandırmışdır.
Bu nailiyyətlərin əldə edilməsində fakültə müəllimlərinin xidmətini qeyd etmək lazımdır. Ümumiyyətlə, jurnalistika fakültəsinin professor-müəllim heyəti həmişə ciddi nizam-intizamı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilmişdir. Onların milli jurnalistikamızın ənənələrinə sədaqəti, mənəvi-əxlaqi saflığı, professionalizmi Azərbaycanın geniş ictimaiyyəti arasında həmişə razılıq doğurmuşdur. 
Fakültə müəllimləri ictimai-siyasi həyatda fəal mövqeləri ilə seçilirlər. Mətbuat Şurasında, Milli Televiziya və Radio Şurasında fakültənin nümayəndələri təmsil olunmuşlar. 4 professorumuz Milli Elmlər Akademiyasında və universitetin filologiya fakültəsində elmlər doktoru və fəlsəfə doktoru üzrə Dissertesiya Şuralarının üzvüdür. Fakültə müəllimlərindən 8-i Əməkdar jurnalist, 1-i Əməkdar İncəsənət xadimi, 1- Prezident təqaüdçüsü, 1-i Azərbaycan SSR Dövlət mükafatı laureatı, 2-si Qızıl qələm mükafatı laureatıdır. 
Fakültədə tədris planına  heç vaxt ehkam kimi yanaşılmamışdır. İctimai-siyasi həyatda, buna uyğun olaraq KİV-də özünü göstərən əsaslı dəyişikliklər sonralar elmi-nəzəri ümumiləşdirmələr süzgəcindən keçirilərək tələbə auditoriyasına yol tapır. Son illərdə istər bakalavr, istərsə də magistratura pilləsində "İnformasiya cəmiyyətinin əsasları", "Yeni dünya jurnalistikası", "KİV-in hüquqi tənzimlənməsi", "Onlayn jurnalistika", "Foto-jurnalistika", "Jurnalist etikası və kommunikasiya nəzəriyyələri", "Azərbaycan diaspor mətbuatı", "Demokratik dövlətlərin televiziya və radio sistemi" kimi yeni fənlər tədris olunmağa başlamışdır.
Professor-müəllim heyətinin son 10 ildəki dərslik, dərs vəsaiti və monoqrafiyalarının adlarını çəkmək yetərlidir ki, fakültədə aparılan tədqiqatların mövzu dairəsi və problematikası barədə mükəmməl təsəvvür yaransın: professor Şirməmməd Hüseynovun "Müstəqilliyin çətin yolu… reallıqlar, düşüncələr", "Üzeyir Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri" ikicildliyi, Cahangir Məmmədlinin "Müasir jurnalistika" dərsliyi , Şamil Vəliyevin "Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar", ikicildliyi, Azərbaycan mətbuatı antologiyası, Həmid Vəliyevin "Dünya informasiya agentlikləri" dərs vəsaiti, Qulu Məhərrəmlinin "Radio dərsləri", Nəsir Əhmədlinin "Jurnalistin nitq mədəniyyəti", Allahverdi Məmmədlinin "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq", Sima Rəhimovanın "Jurnalist etikası", Zaur Babayevin "İnternet jurnalistikası", Sevinc Əliyevanın "Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu", Aynur Nəsirovanın "Kütləvi kommunikasiya modelləri", Sevinc Məmmədovanın "Azərbaycan radiosu ilk elmi araşdırmalarda" və s. bu siyahını yetərincə artırmaq olar. 
Ümumiyyətlə son 10 ildə fakültənin professor-müəllim heyətinin elmi-pedaqoji və yaradıcı əməyinin bəhrəsi kimi 14 dərslik, 34 dərs vəsaiti, 46 monoqrafiya işıq üzü görmüşdür. 
Bu gün Azərbaycanda 5000-dən çox kütləvi informasiya vasitəsi dövlət qeydiyyatından keçmişdir. Bu reallıq, eləcə də Azərbaycan jurnalistika məkanında gedən təşkilatlanma prosesləri son illərdə bu sahədə elmi-nəzəri fikrin və praktik tövsiyyələrin intensiv şəkildə inikşafına təkan vermişdir. 
Jurnalistikanın artıq müstəqil elm sahəsi kimi formalaşması prosesində keyfiyyət göstəricilərinin ön plana çıxmasını belə bir faktor təsdiqləyir ki, son 16 ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Bakı Dövlət Universitetində 10.01.10 – Jurnalistika indeksi üzrə birdəfəlik 4 doktorluq və 10 fəlsəfə doktoru Dissertasiya Şuralarının yaradılmasına icazə vermiş və həmin Şuralarda müdafiə edilmiş dissertasiyaların hamısı Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir. 
Azərbaycanda ali jurnalistika təhsilinin mövcüdlüğü ərzində bütövlükdə onun müxtəlif qolları – mətbuat, televiziya, radio və nəşriyyatçılıq işi sahəsində 100-dən çox doktorluq və namizədlik dissertasiyası müdafiə edilmişdir. Bu müdafiələrin hamısı bir qayda olaraq filologiya, tarix, siyasi elmlər indeksi ilə hazırlanmış və müdafiə olunmuşdur. İndi Azərbaycan elmində islahatlar aparıldığı bir zamanda jurnalistikanın ölkədə müstəqil elmi istiqamət kimi tanınması, jurnalistika elmləri doktoru və jurnalistika üzrə fəlsəfə doktoru alimlik dərəcələrinin təsis olunması son dərəcə vacibdir. 
Bu gün ölkədə KİV sahəsində toplanan yaradıcılıq təcrübəsini elmi-nəzəri və praktiki cəhətdən ciddi təhlilə cəlb etmək, Azərbaycan milli mətbuatında zaman-zaman qazanılmış  zəngin təcrübəni dərindən araşdırıb ondan bəhrələnmək, dünya informasiya məkanlarından faydalanmaq zərurəti jurnalistika fakültəsində "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının açılması ilə nəticələnmişdir. Onun məhsuldar fəaliyyəti laboratoriyanın gələcək elmi yaradıcılıq uğurlarından xəbər verir. 
Keyfiyyət təhsilin şah damarı hesab olunur. Ancaq yüksək təhsil standartlarına nail olmaq o qədər də asan başa gəlmir. Artıq  dünyanın aparıcı ali təhsil müəssisələri Keyfiyyət Menecmenti Konsepsiyası üzrə fəaliyyət göstərir. Bu konsepsiya özündə kompleks sistemi əhatə edir: mükəmməl idarəetmə, yüksək səviyyədə peşəkar professor-müəllim heyəti, güclü maliyyə və maddi-texniki baza, müasir və təkmil kurikulum və silabuslar, tələbəyə yüksək səviyyəli xidmət, fundamental elmi tədqiqatlar, rahat mənəvi-psixoloji mühit. Bu baxımdan fakültənin dekanı Vüqar Əliyev başda olmaqla bir neçə müəllimlərimizin Cahangir Məmmədli, Allahverdi Məmmədli, Sevinc Əliyeva, Təranə Mahmudova, Qərənfil Quliyeva, Sevil Həsənova, Vəfa İsgəndərovanın dünyanın nüfuzlu jurnallarında (Thomshon Reutersin siyasınıda olan impact Factorlu) elmi məqalələri çap olunub. Bundan əlavə fakültədə 2014-cü ildən "Jurnalistika" elmi-nəzəri və təcrübi metodiki jurnal nəşr olunur ki, həmin məcmuənin köməkliyi ilə gənc tədqiqatçılar, magistrantlar professor və müəllimlərlə bərabər elmi məqalələrini çap etdirə bilir, elmi diskusiyalar aparırlar. Jurnal  28 noyabr  2019-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Mətbu nəşrlərin reyestrinə daxil edilmə nömrəsi - № 4272. Jurnal ildə 2 dəfə dərc olunan,  ictimaiyyət üçün açıq olan resenziyalı,  elmin kompleks problemləri, humanitar və ictimai, siyasi, sosial sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır. Jurnalda  indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət  qurmaqdır.
"Jurnalistika" elmi-nəzəri və təcrübi metodiki jurnal məzmununa görə elmi-tədqiqat nəşr kimi fəaliyyət göstərir. Jurnal əsasən  Azərbaycan, rus, ingilis və türk dillərində elmi məqalələri dərc edir.  Eyni zamanda konfranslar, simpoziumlar, elmi məktəblər, ümumiyyətlə, elmi həyatda cərəyan edən hadisələr haqqında məlumatlara da səhifələrində yer verir. Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, yerli alimlərlə müxtəlif ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir.
Jurnalda hakimli rəy sistemindən istifadə olunaraq, məqalələr ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənir. Akademik və professorlarla yanaşı elmin müxtəlif sahələrində tədqiqat aparan gənc  doktorantlar, tədqiqatçılar da jurnalda məqalə çap etdirə bilərlər.
Jurnalistika fakültəsi elmi və beynəlxalq əlaqələr sahəsində öz ənənələrini formalaşdırmışdır. Həmin əlaqələrin əsası ötən əsrin 50-ci illərində Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi ilə qoyulmuşdur. Azərbaycanda jurnalistika üzrə ilk namizədlik dissertasiyasını hazırda mətbuat tarixi kafedrasının professoru vəzifəsində çalışan Şirməmməd Hüseynov Moskva Dövlət Universitetində müdafiə etmişdir. Sonrakı onilliklərdə MDU-nun jurnalistika fakültəsi ilə elmi və yaradıcılıq əlaqələri daha intensiv xarakter almış və həmin əlaqələr bu gün də davam edir. Amerika Birləşmiş Ştatlarının İndiana və Kolorado Universitetləri, Fransanın Lil jurnalistika məktəbi ilə elmi və yaradıcılıq əlaqələri davam etdirilir. Türkiyə, Macarıstan, Polşa və Gürcüstanın jurnalistika qurumları və təhsil müəssisələri ilə də əlaqələr mövcuddur. Son illərdə fakültənin 8 müəllimi xarici ölkələrdə (ABŞ, Fransa, Türkiyə, Macarıstan, Polşa) elmi ezamiyyətdə olmuşdur. 
Sevinc  Əliyeva – 2016-cı ildə Strasburqda Avropa Şurasının "İfadə azadlığı və şəxsi həyata hörmət" mövzusunda, 2017-ci  ildə isə "Gender bərabərliyi və ifadə azadlığı" adlı  təlimlərdə iştirak edib.
Pərvanə İbrahimova 2016-cı ildə Bakı Dövlət Universiteti ilə Türkiyənin Əskişəhər Anadolu Universiteti arasında imzalanmış müqaviləyə uyğun olaraq, Mövlanə Mübadilə Proqramı çərçivəsində Anadolu Universitetində iki həftəlik təcrübə mübadiləsində iştirak edib, "Beynəlxalq jurnalistika və onun təşəkkül prosesləri" mövzusunda mühazirə oxuyub.
Vəfa İsgəndərova 2017-ci ildə Türkiyənin Giresun Universitetinin İletişim fakültəsində Mövlanə Mübadilə Proqramında iştirak edib.
Təranə Mahmudova Almaniyanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil edilən "Jurnalistika münaqişələr zamanı -  beynəlxalq təcrübə mübadiləsi" adlı seminarda iştirak üçün elan olunmuş müsabiqədən keçərək tədbirə qatılmaq hüququ qazanmışdır. Seminar ikimərhələli olub, birinci hissə 4 - 8 sentyabr 2017-ci il tarixlərində Sarayevo (Bosniya-Herseqovina), ikinci – yekun hissə isə 2 - 6 oktyabr 2017-ci il tarixlərində Berlin şəhərlərində (Almaniya) keçirilmişdir.
Allahverdi Məmmədli 2017-ci ildə Türkiyədə XXIX Uluslar arası KİBATEK Edebiyyat simpoziumunda məruzə ilə çıxış etmışdir.
2018-ci ildə Q.Məhərrəmli Ankara və Riqada beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
2019-ci ildə N.Yaqublu ABŞ və Polşada elmi konfransda iştirak edib.
Fakültəmizin  əməkdaşları ilə Avropa Şurası  artıq 2016-cı ildən birgə layihələr həyata keçirir.  Bugünə kimi artıq fakültəmizin professoru Qulu Məhərəmlinin "Radio jurnalistikası", dekan müavini Sevinc Əliyevanın müəllifliyi ilə "Jurnalist etikası" və "Gender bərabərliyi və media azadlığı" proqramları da çap olunub və bu dərslər bakalavr pilləsində tədris olunduğu  üçün həmin dərslik və proqramlardan da istifadə olunur. Bundan əlavə fakültəmizin əməkdaşları Azərbaycan Jurnalistilərinin Peşə Davranışı Qaydalarına (gender bərabərliyi perspektivindən yeniləşmiş versiya)edilmiş əlavələrin öz əksini tapmasında da yaxından iştirak ediblər.

 

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət