Fakültənin beynəlxalq əlaqələri

Jurnalistika fakültəsi beynəlxalq əlaqələr sahəsində öz ənənələrini formalaşdırmışdır. Həmin əlaqələrin əsası ötən əsrin 50-ci illərində Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsi ilə qoyulmuşdur. Azərbaycanda jurnalistika üzrə ilk namizədlik dissertasiyasını Mətbuat tarixi kafedrasının professoru Şirməmməd Hüseynov MDU-da müdafiə etmişdir. Sonrakı onilliklərdə MDU-nun Jurnalistika fakültəsi ilə elmi və yaradıcılıq əlaqələri daha da intensiv xarakter almış və həmin əlaqələr bu gün də davam edir. Əvvəlki illərdə Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının xətti ilə hər il fakültənin bir tələbəsi təhsilini MDU-nun Jurnalistika fakültəsində davam etdirib. ABŞ-ın İndiana və Kolorado universitetləri, Fransanın Lil Jurnalistika Məktəbi, Türkiyə, Macarıstan, Polşa və Gürcüstanın jurnalistika qurumları və təhsil müəssisələri ilə elmi və yaradıcılıq əlaqələri inkişaf etdirilir. Son üç ildə fakültənin 6 müəllimi xarici ölkələrdə (ABŞ, Fransa, Türkiyə, Macarıstan, Polşa) elmi ezamiyyətdə olmuşlar.
Jurnalistika fakültəsi 2015-ci ildən Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin politologiya və jurnalistika kafedrası ilə sıx əməkdaşlıq edir. Belə ki, universitetin magistrantları hər ilin dekabr ayında fakültəmizdə elmi tədqiqat təcrübəsi keçirlər. Təcrübənin son günü onlara fakültənin sertifikatları təqdim edilir. Bundan əlavə dissertasiya işlərinə ikili rəhbər təyin olunması haqqında da razılaşma olub. Fakültənin dekanı Vüqar Əliyev universitetin doktorantına ikinci rəhbər olmağa razılıq verib.
Rusiya Prezidentinin Qrantlar üzrə fondunun layihə rəhbəri Radmila Davidova ilə də fakültəmizin dostluq və əməkdaşlıq münasibətləri var. Bunun nəticəsidir ki, Rusiyanın Həştərxan şəhərində 5 Xəzəryanı ölkələrin birgə yaratdıqları “Media məktəbi”nin yaradılmasında fakültənin dosenti Zaur Babayev və BDU TV Tədris tele-radio studiyasının əməkdaşları yaxından iştirak edib, dəfələrlə səfərdə olublar.
Rusiyanın Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin dekanı Viktor Barabaşla fakültədə görüş olub. 
Fakültə ilə TRT arasında da əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması kimi razılaşmalar olub, görüşlər keçirilib. Görüşdə Türkiyədə təşkil olunacaq “TRT Gələcəyin Jurnalistləri Müsabiqəsi”nin keçirilməsi haqqında geniş diskussiya aparılıb.
Səlçuk Universitetinin Gazetecilik bölümünün dekanı professor Bünyamin Ayhan, Türkiyəli jurnalist, "Əl-Cəzirə türk" televiziya kanalının redaktor müavini Ayşə Karabatla fakültəmiz əlaqə yaradaraq, onlarla tələbələrin görüşünü təşkil etmişdir. 
Türk dünyası Qəzetəçilər Federasiyonu ilə fakültəmizin tələbə və müəllim heyətinin sıx əməkdaşlığı olmuşdur. Belə ki, fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva 8 türk dövlətinin universitetlərinin tələbələri arasında keçirilən sənədli film festivalının münsiflər heyətinin tərkibində iştirak etmişdir. Tələbələrimizin çəkdikləri sənədli filmlər də həmin müsabiqəyə göndərilmişdir. Fakültənin dekanı Vüqar Əliyev festivalın son mükafatlandırma tədbirində iştirak etmişdir. Bu gün də Türk Dünyası Qəzetəçilər Federasiyonunun başqanı Menderes Demirlə sıx görüşlər keçirilir.
Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai ilə fakültənin əməkdaşlarının görüşləri keçirilib.
ADAMİ Beynəlxalq Media mükafatları təşkilatının Şərqi Avropa üzrə təmsilçisi Nelli Mjavanadze ilə fakültə rəhbəri görüşərək və birgə əməkdaşlığa imza atmışlar. 
Türkiyənin Sivas Cümhuriyyət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Təhsil fakültəsinin dekanı, professor Ali Cura və mütəxəssis Taha Kaya ilə də Jurnalistika fakültəsinin tələbə və müəllim heyyətinin görüşü təşkil olunub. 
Son 5 ildə Jurnalistika fakültəsi Avropa Şurasının Bakı ofisi ilə sıx əməkdaşlıq əlaqələri qurub. Magistrant, doktorant və yuxarı kurs tələbələri Avropa Şurasının fakültə ilə birlikdə keçirdiyi “Azərbaycan mediasında gender bərabərli və digər etik standartların təşviqi”, “Azərbaycanda ifadə azadlığı və media azadlığı”, “Azərbaycanda Gender bərabərliyi və azad media” kimi konfranslarda iştirak etmişlər. Fakültənin dekanı Vüqar Əliyev və filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərovanın “Jurnalist etikası” dərsliyi, fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyevanın “Mediada gender bərabərliyi” dərsliyi çap olunub.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət