“Azərbaycanda media təhsilinə tarixi baxış: mətbuat nümunələri əsasında” mövzusunda elmi seminar

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının əcnəbi, ÇXR vətəndaşı doktorantı Yang Xue-nin “Azərbaycanda media təhsilinə tarixi baxış: mətbuat nümunələri əsasında” mövzusunda elmi seminarı təşkil olunub
Seminarda Azərbaycanda media təhsilinin formalaşması və inkişafının tarixi mərhələləri, bu prosesdə milli mətbuatın rolu, jurnalistika təhsilinin təşəkkülü və inkişaf dinamikası ilə bağlı məsələlər geniş şəkildə nəzərdən keçirilib.
Məruzə zamanı Azərbaycan mətbuatının yaranması və inkişafı ilə media təhsilinin formalaşması arasındakı qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, milli mətbuat yalnız ictimai fikrin formalaşmasında deyil, eyni zamanda cəmiyyətin
maarifləndirilməsində, jurnalist peşəsinin inkişafında və media sahəsi üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynayıb. Yang Xue araşdırması çərçivəsində Azərbaycanda media təhsilinin tarixi inkişafını müxtəlif dövrlər üzrə təhlil edib, mətbuat nümunələri əsasında mühüm məqamları seminar iştirakçılarının diqqətinə çatdırıb. Məruzədə tarixi mənbələrin öyrənilməsinin müasir media və kommunikasiya proseslərinin daha dərindən anlaşılması baxımından əhəmiyyətini vurğulayıb.
Seminar zamanı mövzu ətrafında geniş elmi fikir mübadiləsi aparılıb. İştirakçılar tərəfindən məruzəçiyə suallar ünvanlanıb, araşdırmanın ayrı-ayrı istiqamətləri ilə bağlı təklif və mülahizələr səsləndirilib. Elmi müzakirələr seminarın məzmununu daha da
zənginləşdirib. Azərbaycanda media təhsilinin tarixi irsinin sistemli şəkildə araşdırılmasının, milli mətbuatın bu prosesdəki rolunun elmi baxımdan öyrənilməsinin və əldə olunan nəticələrin müasir jurnalistika təhsilinin inkişafı ilə əlaqələndirilməsinin aktuallığı qeyd olunub.
Elmi seminar doktorant Yang Xue-nin tədqiqat nəticələrinin təqdim edilməsi, elmi müzakirə və fikir mübadiləsinin aparılması, eləcə də Jurnalistika fakültəsində elmi-tədqiqat mühitinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.