“Müstəqillik dövrü qadın publisistləri (1990-2000)“ mövzusunda elmi seminar
-lg.jpg)
Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ruxsarə Məmmədovanın “Müstəqillik dövrü qadın publisistləri (1990-2000)“ mövzusunda elmi seminarı keçirilib.
1990-2000-illər ölkədə siyasi proseslərin getdiyi ən qaynar dövr idi, cəbhədə vəziyyət getdikcə gərginləşirdi. Həmin dövrdə fəaliyyət göstərən qadın publisistlərin yaradıcılığı cəsarət və vətənpərvərlik nümunəsi idi. Müstəqillik dövründə fəaliyyət göstərən qadın publisistlərin yaradıcılığında Qarabağ müharibəsi və qaçqınçılıq, milli dövlətçilik,müstəqillik, qadın hüquqları, sosial ədalət, təhsil problemləri, söz və mətbuat azadlığı və s. məsələlərə geniş yer verilib. Seminarda Salatın Əsgərova, Əntiqə Qonaq, Qərənfil Dünyaminqızı, Zemfira Məhərrəmli, Dəstəgül Zamanlı, Nüşabə Məmmədova, Elmira Əmrahqızı, Flora Xəlilzadə və digər mətbuatımızın qadın imzalarının publisistikasına nəzər salınıb. “Molodoj Azerbaydjana”, “Bakı”, “Baku”,“Ədalət”, “Vətən uğrunda”, “Azərbaycan müəllimi”, “Azərbaycan” qəzetləri və “Azərbaycan qadını”, “Ulduz” jurnallarında dərc olunan publisistik yazılar təqdim olunub.
Sonda çıxış edən tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, dosent Aygün Əzimova və digər müəllimlər mövzunun aktuallığını, müasirliyini, qadın publisistlərin fəaliyyətinin tədqiq olunmasının vacibliyini qeyd etdilər.