Əməkdar jurnalistlər ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Trend İnformasiya Agentliyinin baş direktorunun müavinləri, əməkdar jurnalistlər Elçin Alıoğlu və Sahil Kərimli ilə tələbələrin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı, professor Vüqar Zifəroğlu qonaqlar barədə tələbələrə məlumat verərək onların jurnalistika sahəsindəki zəngin iş təcrübəsi və peşəkarlığından bəhs edib.
Daha sonra çıxış edən qonaqlar jurnalistikaya gəlmə səbəblərindən və bu sahədə əldə etdiyi təcrübələrdən danışıblar.
E.Alıoğlu medianın bugünkü vəziyyətini təhlil edərək, peşə etikası, obyektivlik prinsipi və jurnalistin ictimai məsuliyyəti mövzularına toxunub. İnformasiya müharibələrinin və dezinformasiya axınının gücləndiyi müasir dövrdə jurnalistlərin məsuliyyətini xüsusi vurğulayıb.
Qonaq eyni zamanda tələbələrə praktik jurnalistika ilə məşğul olmağı, daima öz üzərlərində çalışmağı, inkişaf etməyi tövsiyə edib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.