Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova beynəlxalq konfransda iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova Portuqaliyanın Lusofona Universiteti, Böyük Britaniyanın bir neçə ali məktəbinin birgə təşkil etdiyi “Mapping the Magazines” (“Jurnalların xəritələnməsi”) konfransının 6-cı onlayn toplantısında iştirak edib. “Jurnalların xəritələnməsi” Böyük Britaniyanın Kardiff Universiteti Jurnalistika, Media və Mədəni Araşdırmalar Məktəbinin (JOMEC) müəllimi Timoti Holmes tərəfindən əsası qoyulmuş silsilə xarakterli konfransdır. İlk konfrans 2005-ci ildə keçirilib..
Dosent T.Mahmudova bu konfransın 1-3 iyul 2020-ci il tarixlərində keçirilmiş 6-cı toplantısına qatılaraq “Postsovet Azərbaycanında qloballaşma dövründə kütləvi kommunikasiya: Beynəlxalq informasiya mübadiləsi jurnalların və onların strategiyasının yenilənməsinə necə təkan verir?” mövzusunda təqdimatla çıxış edib. Natiq qloballaşma prosesinin və beynəlxalq əlaqələrin güclənməsinin Azərbaycan mediasına, özəlliklə də jurnallara təsiri ilə bağlı ətraflı məlumat verib. Çıxışın əsas müddəaları konfrans materialları üçün nəzərdə tutulmuş topluda dərc olunub.