“Yerli xəbər saytlarının kontentində hiperkeçidlərdən istifadə alışqanlıqları və problemlər” mövzusunda elmi seminarı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətlinin “Yerli xəbər saytlarının kontentində hiperkeçidlərdən istifadə alışqanlıqları və problemlər” mövzusunda elmi seminarı keçirilib.
Kafedra müdiri, dosent Xatirə Hüseynova doktorantı təqdim edib, elmi seminarın mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıb.
Səbinə İzzətli yeni mediada rəqəmsal kontentin vacib elementlərindən biri olan hiperkeçidlər mövzusunda tədqiqatını diqqətə çatdırıb. Daxili və xarici hiperkeçidlərin önəmini, yeni media mühitində mətnin necə hipermətnə doğru keçid aldığından bəhs edən doktorant yerli xəbər saytlarında hiperkeçid istifadəsi zamanı üzə çıxan problemləri konkret örnəklərlə tədqiq edib və nəticələri seminar iştirakçılarına çatdırıb.
Məruzəçi yekun olaraq bildirib ki, hiperkeçidlərdən istifadə təcrübəsi daha dərindən araşdırılmalı, yerli xəbər saytları bu texnikadan öz potensialına görə istifadə etmə vərdişinə sahib olmalıdırlar. Bunun üçün saytlarda çalışan jurnalistlər mövzu ətrafında daha çox maariflənməli, sayt rəhbərləri, redaktor və baş redaktorlar hiperkeçidlərdən istifadə texnikası ilə bağlı düzgün bilgiləndirmə etməlidirlər.
Elmi seminarda fakültənin professor, müəllim və tələbə heyəti iştirak edib. Doktorantın yüksək maraqla qarşılanan elmi seminarı ətrafında suallara cavab verilib, müzakirələr aparılıb.