Qarabağ müharibəsinin iştirakçısı olmuş jurnalistlər - Rasim Bayramov və Bəxtiyar Məcidli tələbələrlə görüşüb

Jurnalistika fakültəsində Billurə Aslanqızının tədris etdiyi “Beynəlxalq humanitar hüquq və jurnalistika” fənni çərçivəsində Qarabağ müharibəsinin iştirakçısı olmuş jurnalistlər - Rasim Bayramov və Bəxtiyar Məcidli tələbələrlə görüşüb.
Görüş zamanı qonaqlar müharibə dövründə yaşadıqları hadisələrdən, döyüşlərdə iştiraklarından, müharibənin insan psixologiyasına təsirindən danışıblar.
BDU-nun 2000-ci il məzunu olan Rasim Bayramov Cəbrayıl, Qubadlı və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib. Hərbi hazırlıq prosesinin özünəməxsus xüsusiyyətlərindən danışan jurnalist təlimlərin keçirilməsini xüsusi məktəb kimi xarakterizə etdi. Rasim Bayramov döyüş şəraitində insanın psixoloji vəziyyətinin qısa müddətdə dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, döyüşçü müharibə şəraitinə maksimum üç gün ərzində uyğunlaşır və bu müddətdən sonra ölüm, yaralanma kimi hadisələr müəyyən mənada adiləşir.
Çıxış edən digər qonaq, BDU-nun 2014-cü il məzunu Bəxtiyar Məcidli də müharibə təcrübəsini tələbələrlə bölüşüb. B.Məcidli müharibəyə könüllü şəkildə qatıldığını və sentyabrın 28-də döyüşlərə qoşulduğunu söyləyib. Döyüş bölgəsində gördüyü mənzərələrdən danışan jurnalist işğaldan azad olunan ərazilərdə dağıntıların miqyasının böyük olduğunu, insanların yaşadığına dair izləri belə tapmağın çətin olduğunu bildirib.
Görüş tələbələrə Qarabağ müharibəsinin iştirakçılarının şəxsi təcrübələrini birbaşa dinləmək, müharibə şəraitində jurnalist fəaliyyətinin xüsusiyyətlərini və beynəlxalq humanitar hüququn əhəmiyyətini daha yaxından anlamaq imkanı yaradıb.