Xocalı soyqırımının 30-cu ildönümü
Jurnalistika fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Samir Mirzəyev Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsinin ağrılı-acılı günlərindən bəhs edərək, bu soyqırımın insanlığa qarşı vəhşilik və müsibət olduğunu vurğulayıb. Bəşər tarixinə qanlı faciə kimi daxil olan Xocalı soyqırımının qan yaddaşımızda silinməz izlər qoyduğunu bildirib.
Sonra Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli çıxış edərək bir gecənin içərisində Xocalının yerlə-yeksan edilməsini qeyd edib, keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücumu ilə bağlı tarixi faktları tələbə-müəllimlərin diqqətinə çatdırıb.
Daha sonra fakültənin 1-ci kurs tələbəsi Lalə Hüseynovanın müəllifliyi ilə hazırlanan kompozisiya(mətni səsləndirdi: Səma Muğanna) təqdim olunub.
Eyni zamanda fakültənin 1-ci kurs tələbələri Sevinc İsmayılova və Aydan Rəsulzadənin Xocalı soyqırımı ilə bağlı videoçarxları nümayiş olunub.
Sonda BDU Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini, Filologiya fakültəsi TGT-nin sədri Ələkbər Həsənov və Jurnalistika fakültəsi TGT-nin sədri Fariz Sarıyev belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar, tədbirdə iştirak edən hər kəsə dərin təşəkkürlərini bildiriblər.