Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Gənc İntellektuallar Məktəbi” layihəsi çərçivəsində xalq yazıçısı Çingiz Abdullayev ilə onlayn görüş keçirilib. Görüşü giriş sözü ilə açan BDU THİK sədri Hacıbaba Mustafayev iştirakçıları salamladıqdan sonra sözü tədbirin moderatoru BDU-nun Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğluya verib. S.Xalidoğlu THİK xəttilə keçirilən müxtəlif layihələr, o cümlədən “Gənc İntellektuallar Məktəbi” barədə məlumat verərək, layihənin əsas məqsədinin tələbə-gənclərin intellektual səviyyələrinin yüksəldilməsi olduğunu vurğulayıb. O, görüşün baş tutduğu günün bir neçə əlamətdar hadisə ilə yadda qaldığını, o cümlədən “Beynəlxalq kitab bağışlama günü” olduğunu qeyd edib. Məhz belə bir gündə Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayevlə Bakı Dövlət Universitetinin birinci kurs tələbələrindən bir qrupunun görüşünün rəmzi məna daşıdığını diqqətə çatdırıb. Sonra söz Xalq Yazıçısı Çingiz Abdullayevə verilib. Ç.Abdullayev həyat və yaradıcılıq yolu, tələbəlik illəri və s. haqqında geniş məlumat verib. Özünün də Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin məzunu olmasından məmnunluqla bəhs edib. O, gənclərin intellektual inkişaf üçün kitab oxumağın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Sonra Ç.Abdullayev tələbələrin bir-birindən maraqlı suallarını cavablandırıb, sonda tələbə-gənclərə dəyərli məsləhətlərini verib.