Vüqar Zifəroğlunun AZƏRTAC-a açıqlaması
Müasir çağırışlara cavab verən “Media haqqında” yeni qanuna ehtiyac var idi. Media ilə bağlı qanunların bir çoxu, o cümlədən “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun artıq müasir tələblərə cavab vermirdi. Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Çünki texnologiya inkişaf edir, jurnalistikanın özü simasını və özünüifadə tərzini daim dəyişir. Bu gün biz XIX əsrlə XX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XXI əsr jurnalistikasında da o qədər yeniləşmənin şahidiyik. Bu fərq getdikcə özünü daha qabarıq şəkildə büruzə verir. Çünki janrlar dəyişir, jurnalistikanın prinsipləri, onun fəlsəfəsinə ba¬xış dəyişir. Əslində, son illərdə aparılan media islahatlarının ən vacib komponenti kimi dəyərləndirilməli olan yeni Qanun həm də müasir çağırışları əks etdirən sənəd kimi səciyyələndirilməlidir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib.
Qanunda media subyektlərinin dəqiq təsnifatının verilməsinin çox mühüm məsələ olduğunu diqqətə çatdıran V.Zifəroğlu tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhəd müəyyən edilməsini vacib amil kimi dəyərləndirib. Bildirib ki, “Media haqqında” Qanun bir tərəfdən bu günə qədər qanunun təsir qüvvəsindən kənarda qalan məsələləri tənzimləyir, digər tərəfdən isə artıq tənzimlənən münasibətlərin yeni nizamasalma mexanizmlərini müəyyənləşdirir.
Onun sözlərinə görə, yeni qanun həm də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması baxımından da qiymətləndirilməlidir. Hələ yaxın keçmişdə, on il bundan əvvəl indiki qədər ümumilikdə beynəlxalq jurnalistika üçün ciddi problem olmayan məqamlar, indi ən çox müzakirə olunan, prioritet, həlli üzərində müzakirələr aparılan məsələlər kimi aktualdır. Məsələn, biz bu gün artıq “informasiya ekologiyası”, “informasiya manipulyasiyası”, “kütləvi dezinformasiya axını”, “rəqəmsal faşizm” kimi problemlərdən danışırıq. Bütün bu yeni və aktual problemlər, heç şübhəsiz, bu və ya digər dərəcədə media ilə bağlı qanunvericilik aktlarında öz əksini tapmalıdır.
V.Zifəroğlu vurğulayıb ki, media savadlılığı məsələsi də ilk dəfə olaraq Qanunda öz əksini tapır. Bu məsələ dünya ölkələrində, o cümlədən Türkiyədə prioritetdir. İnformasiya ilə iş prinsipinin müəyyənləşdirilməsi isə ayrı-ayrı media quruluşları arasında sağlam rəqabəti təmin edəcək. Həmçinin beynəlxalq təcrübədəki müxtəlif məqamların qanun layihəsinə salınması öz müsbət nəticəsini verəcək. “Ümumiyyətlə, media-dövlət, cəmiyyət-media münasibətlərinin tənzimlənməsi baxımından da qanunun əhəmiyyətini vurğulamaq yerinə düşərdi. Unutmaq olmaz ki, Qanun qarşılıqlı münasibətləri tənzimləyən hüquqi aktdır. Bu mənada onda bütün maraqlar nəzərə alınmalıdır. Burada yalnız jurnalistlərin deyil, eyni zamanda, bizim jurnalist olaraq maarifləndirməklə, ictimai nəzarəti həyata keçirməklə xidmət etdiyimiz cəmiyyətin də maraqları təmin olunmalıdır”, - deyən dekan bildirib ki, əslində, media sahəsində son illərdə aparılan islahatlar öz müsbət nəticəsini verməkdədir. Müşahidə olunan müsbət dəyişikliklər media qurumlarının, o cümlədən media subyektlərinin də fəaliyyət və hüquqlarının müəyyənləşdirilməsində, eləcə də media mənsublarının fəaliyyət azadlığı, jurnalistin peşə fəaliyyətinin təmin olunmasının hüquqi təminatını yaradan yeni qanunun qəbulunu, Azərbaycan mediasının inkişafa və yeni çağırışlara hazır olmasını hədəfləyən bir proses kimi qiymətləndirmək olar.