“VR texnologiyalarının dünyada və Azərbaycanda istifadəsi" mövzusunda elmi seminar
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Nurşərəf Tağıyevanın “VR texnologiyalarının dünyada və Azərbaycanda istifadəsi" mövzusunda elmi seminarı keçirilib.
Giriş sözü ilə çıxış edən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova doktorantı təqdim edib, elmi seminarın mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıb.
"VR texnologiyalarının mediaya gətirdiyi yeniliklər" mövzusunda çıxış edən N.Tağıyeva bildirib ki, Virtual reallıqda gələcək tədqiqatlar müşahidəçinin reallığı hiss etməsinə istiqamətləndirilib. Abstrakt götürdükdə o istifadəçinin təxəyyülündə yaranan xəyali dünyadır. Artırılmış reallıq ilə işləmək üçün isə kamerası olan smartfon və ya digər cihazlar tələb olunur.
N.Tağıyeva əlavə edib ki, AR və VR texnologiyalarını tez-tez qarışdırırlar. Virtual reallıq, istifadəçi ətrafındakı rəqəmsal dünyanın sahəsinin 100% təşkil etdiyi bir haldır. Yəni insan VR aksesuar taxdığı zaman tamamilə rəqəmsal kontentlə əhatə olunur.
Seminarda Elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, kafedranın müəllimləri Aytəkin Zeynalova, Pərvanə İbrahimova, Təranə Mahmudova və fakültə tələbələri iştirak ediblər.
Məruzədən sonra çıxış edənlər məruzəçinin mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğurlar arzulayıblar. Elmi seminarda müəllimlərin və tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.