Vətən müharibəsi qazisi ilə görüş keçirilib
Jurnalistika fakültəsində Vətən müharibəsi iştirakçılarından olan Mehman Əşrəfov ilə görüş keçirilib. Tədbiri moderator, fakültənin dekan müavini Samir Mirzəyev açaraq Şanlı ordunun tərkibində döyüşənlər arasında fakültənin tələbə və məzunlarının da iştirakının qürurverici hal olduğunu diqqətə çatdırıb. Hazırda təhsilini davam etdirən fakültənin 4-cü kurs (qiyabi) tələbəsi, Vətən müharibəsi qazisi Mehman Əşrəfovun sağ-salamat təhsilinə yenidən qayıtmasından, döyüşlərdə göstərdiyi igidlik və şücaətindən bəhs edib.
Qazi M.Əşrəfov belə bir görüşün təşkilinə görə fakültə rəhbərliyinə dərin təşəkkürünü bildirərək, ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarda iştirakı üçün qürurlu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, general Polad Həşimovun ölümündən sonra könüllü olaraq hərbi xidmətə yazıldığını və şəhidlərimizin qanının yerdə qalmayacağı günün gələcəyini, öz payına düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyi günü səbrsizliklə gözlədiyindən söhbət açıb. Mehman döyüş yolunun Cəbrayıl rayonu istiqamətindən başladığını, Qubadlı, Laçın uğrunda gedən şiddətli döyüşlərdə hərbi missiyasını yerinə yetirdiyini və “Laçının azad olunmasına görə” medalı ilə təltif olunduğunu bildirib.
Fakültənin dekanı Vüqar Əliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən aparılan 44 günlük müharibənin uğurlu nəticələrindən bəhs edərək, belə bir tarixi zəfərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin iştirakını və qazi olaraq sağ-salamat evlərinə qayıtmalarının qürurverici hadisə olduğunu vurğulayıb. Dekan tələbə-jurnalistlərlə Vətən müharibəsi qaziləri arasında belə görüşlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu da qeyd edib.
Daha sonra Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışında bildirib ki, Mehmanın timsalında Azərbaycanın igid oğullarının qəhrəmanlıq göstərərək illərdir işğal altında olan torpaqlarımızı rəşadətlə azad etmələri doğma xalqa yeni nəfəs gətirib. Professor eyni zamanda Ağdam rayonunun, doğulub boya-başa çatdığı rayonun Novruzlu kəndinin işğaldan azad edilməsini, doğma torpaqla bağlı xatirələrini kövrək notlarla ifadə edib.
Tədbirin sonunda Qarabağ qazisi tələbələrin çoxsaylı suallarını cavablandırıb.