“Vətən müharibəsi qazi övladlarının gözü ilə” adlı tədbir

Bakı Dövlət Universitetinin (BDU) “Zəfər tarixi” lektoriyasında Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Vətən müharibəsi qazi övladlarının gözü ilə” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev fakültədə qazilərlə görüşlərin mütəmadi olaraq keçirildiyini diqqətə çatdırıb.
O vurğulayıb ki, görüşlərin əsas məqsədi tələbələri Vətən müharibəsinin reallıqları, qazilərin keçdiyi döyüş yolu, onların yaşadıqları çətinliklər və müharibədən sonrakı fəaliyyətləri ilə yaxından tanış etməkdir.
Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışında qeyd edib ki, qazilərin keçdiyi həyat yolu, döyüş təcrübəsi gələcək jurnalist nəslinə milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayır.
Daha sonra Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, bizim əsas missiyamız həm də vətənpərvər, milli dəyərlərə sadiq, cəmiyyətin problemlərinə həssas gənclər yetişdirməkdir.
Daha sonra söz qazi jurnalistlərə - Birinci Qarabağ müharibəsi veteranı, Baku TV-nin əməkdaşı Tarverdi Tarverdiyev və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmiş, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri, Jurnalistika fakültəsinin məzunu Mahal Məmmədova verilib. Natiqlər Vətən müharibəsində keçdikləri döyüş yolu, qarşılaşdırları çətinliklər, döyüş yoldaşlarının qəhrəmanlıqları, həmçinin jurnalistlik fəaliyyətləri ilə bağlı fikirlərini tələbələrlə bölüşüblər.
Tədbirdə qazi jurnalistlərin övladları – Jurnalistika fakültəsinin I kurs tələbələri Məryəm Tarverdiyeva və Aytən Məmmədova da çıxış edərək Vətən müharibəsi dövründə mülki şəraitdə yaşadıqları vəziyyəti, atalarının döyüşdə olması ilə bağlı keçirdikləri hissləri, qorxu və qürur dolu anlarını bölüşüblər.
Görüş səmimi və emosional atmosferdə tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.