Vətən müharibəsi iştirakçısı Pərviz Aslanovla görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində ehtiyatda olan baş leytenant, jurnalist, Vətən müharibəsi iştirakçısı Pərviz Aslanovla görüş keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, professor Vüqar Əliyev qonaqla bağlı auditoriyanı məlumatlandırıb.
Bildirib ki, Pərviz Aslanov 44 günlük Vətən müharibəsinin aktiv iştirakçısı olub, torpaqlarımızın azad olunmasında göstərdiyi şücaətə görə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Görüş zamanı Pərviz Aslanov jurnalistika sahəsindəki fəaliyyətindən, hərbi jurnalistikaya olan marağından və İctimai Televiziyada yayımlanan “Salam əsgər” verilişinin aparıcısı olduğu dövrdəki təcrübələrindən danışıb. O, gənclərdə vətənpərvərlik ruhunun yüksək olduğunu vurğulayaraq, Zəfər tariximizdə iz qoyan gənclərin igidliyini fəxrlə qeyd edib.
Pərviz Aslanov çıxışı zamanı həmçinin 44 günlük Vətən müharibəsində iştirakı, xüsusilə Şuşa döyüşlərində əldə olunan uğurlar, eləcə də müharibə dövründə medianın rolu və informasiya cəbhəsində qazanılan nailiyyətlər haqqında tələbələri məlumatlandırıb.
Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.