Vətən bizi səsləyir
O Vətən ki, 28 ildir düşmən tapdağında inildəyir, sızlayır. O Vətən ki, bağrına çalın-çarpaz dağlar çəkilib. O Vətən ki, doğmalarına qovuşacağı günü həsrətlə gözləyir. Bu gün isə haray çəkir, bizi səsləyir.
Səslə məni Vətənim! Səsinə qurban olum, - Vətənim! Səslə, səslə ki, əllərimi əllərinə var gücümlə uzadım. Səslə ki, yüyürüm, qaçım. Səslə ki, səni bağrıma basım. Torpağının ətrini içimə çəkə-çəkə hər qarışını doyunca sevim. Səni çiçək-çiçək qoxlayım, çələng-çələng toplayım. Səslə məni, Vətənim! Ruhuma hopdurum hərarətini… Qızınım, isinim torpağınla… Dağlarını, dərələrini, oymaqlarını gəzim. Buz bulaqlarını ciyərlərimə çəkim, kölgəliklərini başıma çətir edim. Səslə məni, Vətənim!
Səsinə qurban olum, səslə! Səslə ki, ayaqlarına bənd olan düşmən əllərini qırım. Sənə uzanan məkrli qolları sındırım.
Səslə məni, Vətənim!
Düşünmədən hayqırtına tərəf yüyürərəm. Yollarında canımı fəda edərəm. Gələrəm, gələrəm Vətənim! Gecələri səhər edərəm, gələrəm. Yastığım daşın olar, yorğanımsa dümağ qar. Üşümərəm, titrəmərəm Vətənim! Sinəmi sipər edərəm. Yolunda candan keçərəm, Vətənim! Dizlərimdə təpər, qollarımda güc tükənsə torpağından güc alaram. Bulaqların gözlərimə işıq verər, nur verər. Yıxılsam da, büdrəsəm də yenə gələrəm. Əynimə torpağını geyinib, gələrəm. Könülümə Kür-Arazı axıdıb, gələrəm, Vətənim!
Ey mənim Cənnətim! Qollarını geniş aç! Səni oxşamaq, sevmək üçün gəlirəm!
Bilirəm ki, düşmən mənfurdur, hiyləgərdir, oğrudur. Bu illər ərzində sənin daşını daş üstə qoymayıb. Milli-mənəvi dəyərlərini talayıb, ocaqlarını yerlə-yeksan edib. Sənin köksünü, bağrını yarıb, balalarını gözüyaşlı qoyub.
Amma qəm yemə, vətənim! Yaralarını sarmaq üçün gəlirəm. Səni yenidən yaşatmaq, Var etmək üçün gəlirəm!
Gözəl Şuşam!
Aç, başından qara örpəyini… Sil, gözünün yaşını… Bir daha heç ağlama! Məğrurluğuna qurban olum, alınmaz qalam! Eşidirsən?
- «Əziz Şuşa, Sən AZADSAN! Biz sənə qayıtmışıq! Biz səni dirçəldəcəyik!» - deyir, - Ali baş komandan - Cənab İlham Əliyev! Əsrin sərkərdəsi! Şah İsmayıl Xətainin, Nadir Şahın nəvəsi…
Qəhrəmanlar diyarı, - Azərbaycan! Sən bütövsən! Sənin bütövlüyünü heç bir qüvvə parçalaya bilməz! Sənə uzanan mənfur düşmən əllərini igid, mərd oğullarmız biləyindən kəsdi!
Gözün aydın, Vətən! - Gözün aydın!
Səni göz bəbəyimiz kimi qorumağı bacardıq! Qanımzı, canımızı fəda etdik, yolunda… Səni düşmənlərə vermədik! Qoruduq səni, Vətən!
Ey məgrur, şəhid Anası! Başını uca tut! QARABAĞ AZƏRBAYCANDIR! Bunu sənin oğlun yazdı, öz qanıyla! Üç rəngli bayrağı Sənin böyütdüyün igidlər sancdı, - doğma QARABAĞA!
Siz ey ŞƏHİDLƏR, eşidirsiz məni? QARABAĞ azaddır! ŞUŞA azaddır! Qanınız yerdə qalmadı. Qanınızı məğrur, igid oğullarımız aldı…
Gəlirik, Vətən! Gəlirik! Torpağına can demək üçün gəlirik! Səni CƏNNƏTƏ çevirmək üçün gəlirik! Aç qollarını qarşıla bizi… Bu dəfə sənə elə sarılacayıq ki, heç kəs bizi qopara bilməyəcək! Gəlirik!
Dilşad Xaqaniqızı,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi