Üzeyir Hacıbəyli - 140

Jurnalistika fakültəsinin milli mətbuat tarixi auditoriyasında görkəmli Azərbaycan bəstəkarı, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirin moderatoru, fakültənin dekan müavini Samir Mirzəyev açılış nitqi ilə çıxış edərək, Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki əvəzsiz roluna toxunub. O, bəstəkarın həm musiqi sənətində, həm də publisistika və ictimai fikirdə qoyduğu izlərin bu gün də aktuallığını qoruduğunu vurğulayıb.
Daha sonra fakültənin dekanı, dosent Vüqar Zifəroğlu çıxış edərək Üzeyir Hacıbəylinin milli mətbuatla bağlı fəaliyyətindən bəhs edib. O bildirib ki, Hacıbəylinin publisistik yazıları təkcə dövrünün deyil, bugünkü jurnalistika mühitinin də mənəvi-estetik dəyərlərlə zənginləşdirilməsində mühüm rol oynayıb.
Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli isə çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamı"na toxunub və bunu dahi bəstəkarın fəaliyyətinə verilən böyük qiymət kimi dəyərləndirib.
Kafedranın dosenti Aygün Əzimova isə tələbələrin Üzeyir Hacıbəylinin irsinə marağından və onun əsərlərinin gənclərin yaradıcılıq düşüncəsinin inkişafında oynadığı roldan bəhs edib. O vurğulayıb ki, bu cür tədbirlər tələbələrin tarixi şəxsiyyətləri daha dərindən öyrənməsinə və milli dəyərlərə bağlılıq hissinin möhkəmlənməsinə şərait yaradır.
Tədbirin sonunda Üzeyir Hacıbəylinin zəngin irsi və onun Azərbaycan mədəniyyətində müasir yaradıcılıq meyillərinə verdiyi töhfələr barəsində geniş fikir mübadiləsi aparılıb.