“Ü.Hacıbəyli-140: Üzeyir Hacıbəylinin mətbu fəaliyyəti” mövzusunda elmi seminar

Jurnalistika fakültəsində Milli mətbuat tarixi kafedrasının dosenti Əzimova Aygün Qubad qızının “Ü.Hacıbəyli-140: Üzeyir Hacıbəylinin mətbu fəaliyyəti” mövzusunda elmi seminarı keçirilib. Seminarda professor Cahangir Məmmədli, dosent Sevinc Əliyeva, filologiya üzrə fəlsəfə doktorları Rüxsarə Məmmədova, Gunay Məmmədova, müəllimlər Samir Mirzəyev, Elmira Həsənova, Afaq Sadıqova iştirak ediblər.
AR Prezidenti İlham Əliyevin Ü.Hacıbəylinin 140 illik yubileyi ilə bağlı Sərəncamından irəli gələn tədbirlər sırasında belə bir mövzuda elmi seminarın keçirilməsini məqbul sayan A.Əzimova ədibin mətbu fəaliyyətini ön plana çəkərək vurğuladı ki, kəsərli qələm sahibinin jurnalistlik və publisistlik fəaliyyəti musiqi fəaliyyətindən arxa planda qalmışdır.
Bu gün Ü.Hacıbəyli irsinin öyrənilməsi aktual bir problem olaraq mətbuat tədqiqatçılarının qarşısında duran mühüm bir vəzifə kimi qiymətləndirilməlidir.
A.Əzimova onun “Kaspi”dən tutmuş “Azərbaycan”a qədər olan publisistik irsinin ictimai xarakterini, janr politrasını, mövzu rəngarəngliyini və toxunduğu problemlərlə çağdaş dövrümüzün gerçəklikləri arasında özünü göstərən bağlılığı və paralelləri önə çəkərək qeyd edir ki, bu irs xalqı, milləti düşündürən suallara cavab tapmaq, tarixi həqiqətləri ortaya qoymaq baxımından çox dəyərli mənbədir.
Eyni zamanda, A.Əzimova ədibin “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal”, “Açıq söz”, “Tərcüman”, “Təkamül”, “Azərbaycan” qəzetlərində və “Milla Nəsrəddin” jurnalındakı fəaliyyətindən bəhs etdi.
Ümumiyyətlə, Üzeyir bəyin mətbu səhifələrində dərc olunan iki mindən çox publisistik yazısı millətin tərəqqi və təkamülündə böyük rol oynamış, onları Cümhuriyyətə gedən bir yola istiqamətləndirmişdir.
Elmi seminarın sonunda kafedranın müəllimləri çıxış edərək bildirdilər ki, Ü.Hacıbəyli həm bəstəkar, həm də publisist kimi dünya səviyyəsində tanınmış şəxsiyyətlərdəndir.