Torpağımı öpən günüm yaxındadır!
Universitetin axırıncı kursunda oxuyurdum. Semestri başa vurub Şuşaya qayıdırdım. Avtobus Şuşanın dolamalarını qalxdıqca göz yaşlarımı saxlaya bilmədim. Qəhər məni niyə bu qədər boğurdu? Yoxsa bu, uzun müddət bu dolamaları bir də qalxmayacağımın, saf-təmiz havanı bir daha udmayacağımın, baş alıb gedən bu qoca dağları və göylərində qıy vuran qartalları görməyəcəyimin, üstündə məğrur gəzdiyim və boya-başa çatdığım Vətən torpağından ayrı düşəcək və məcburi köçkün kimi bir adı üstümə götürəcəyim günlərdən xəbər verən bir hissmi içimə dolmuşdu ki, isti göz yaşlarım dayanmaq bilmirdi?
Bu dünyada söndürülmüş ocaq, dağıdılmış yurd, viranə qoyulmuş Vətən torpağı kimi ağır bir dərd təsəvvürə gəlməz. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın xəyanətkar və mənfur ermənilərdən son qarışına qədər azad olunması ilə bağlı əmri və ilk qələbələrimiz bizlərin ürəyində çoxdan sönmüş ümid qığılcımlarını alovlandırdı. Otuz il sonra ilk dəfə olaraq torpağımla bağlı sevinc dolu göz yaşlarımı axıtmaqla bu günümü hər kəslə paylaşmaq istədim.
Hər gün əsgər balalarımızın rəşadətini izlədikcə Azərbaycan bayrağı¬nın Şuşada dalğalanacağına əminliyimz artır. Neçə onilliklərdir ki, Natəvanın, Üzeyirin, Bülbülün, Cabbarın, Nəvvabın, Şuşanın göylərində dolaşan şəhidlərin ruhları qəhrəman Azərbaycan əsgərlərini müqəddəs torpaq naminə döyüşlərə, bu torpaqların nicatına səsləyir. Şəhidlər vətəni olan Azərbaycanı zaman-zaman şəhidlər qoruyub saxlayıb sinələrində. Bu Vətəni şəhidlər öz qanları bahasına yaşadıb Vətən eləyib. Bu gün Azərbaycan əsgəri bu şəhid ruhların qarşısında öz borclarını şərəflə yerinə yetirərək XXI yüzilliyin qəhrəmanlıq tarixinin şanlı səhifələrini yazır. Onlar bir daha göstərdilər ki, “Millət bir olarsa, basılmaz Vətən”, “El bir olsa, dağ oynadar yerindən”. Vətən torpağının hər qarışı uğrunda canından, qa¬nından keçən, döyüş səngərlərində böyük ruh yüksəkliyi və torpaq sevgisi nümayiş etdirən vətən övladları - igid ərənlərimiz bir kərə yüksələn, xalqın bağrından qalxıb dünyaya boy göstərən Azərbaycanın üçrəngli bayrağını azad olunmuş torpaqlarımızda qaldırmaqla və beynəlxalq miqyasda misilsiz tutumu, dəyəri olan, otuz ildə tapdanan torpaqlarımızı azad etməklə gələcək nəslə də bir örnək olurlar.
Şuşa torpağının hər daşı, hər çınqılı bir abidədir. Yağış yağarkən ağappaq daşları güzgü kimi bərq vurardı. İnanırıq ki, tarixlər şahidi gözəl Şuşam yenə də bəxtəvər günlərinə qayıdacaq. Dağlarının zirvəsindəki qara buludların yerini ağ örpəklər alacaq, Cıdır Düzümüzdə igidlərimiz at oynadacaq, İsa bulağımızda bülbüllər yenə cəh-cəh vuracaq, Qarabağ şikəstəsinin sədaları düşmən qulaqlarını neştər kimi dəlib-deşəcək. Şuşa təbiətinin möcüzəsi olan xarı bülbül yenə hamını heyrətləndirəcək. Diş göynədən bulaqlarımızdan su içənlər bu yerlərin bütün möcüzələrinə heyranlığlarını bildirəcək.
Ali Baş Komandanımızın azad olunmuş torpaqlarımzla bağlı hər gün eşitdiyimiz qələbə xəbərləri bizim əzəli və əbədi torpaqlarımıza tezliklə qovuşacağımızdan xəbər verir. Ölkə rəhbərinin dünyanın müxtəlif telekanallarına verdiyi müsahibələr bir daha göstərdi ki, Ermənistan nə qədər təxribatçılıq fəaliyyətini davam etdirsə də, müharibə və işğalçılıq siyasətindən əl çəkməsə də biz haqq yolumuzdan dönməyəcəyik. Biz buna inanırıq. “Mövzu Vətəndirsə, dünyanın şah damarını kəsməyə hazırıq” deyən əsgəri olan bir ordu hər bir qalibiyyətə, zəfərə malikdir. Var olsun Ali Baş Komandan, var olsun Azərbaycan əsgəri!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Torpağımı öpən günüm yaxındadır!
Aygün Əzimova,
BDU-nun Milli mətbuat tarixi kafedrasının dosenti