TEC-in növbəti elmi seminarı keçirilib
Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan fakültə TEC-in sədri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova əvvəlcə TEC-in strukturunda dəyişiklik edildiyini bildirib. Fakültənin ikinci kurs tələbəsi Ruhiyyə Balakişiyevanı Tələbə Elmi Cəmiyyətinin yeni sədri seçildiyini elan edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Fakültənin dekan müavini Samir Mirzəyev elmi seminar iştirakçılarını salamlayıb, belə seminarların davamlı olacağını diqqətə çatdırıb.
Daha sonra Vəfa İsgəndərova bügunki elmi seminar və məruzəçi ilə bağlı qısa məlumat verərək sözü Nərmin Əliyevaya verib. Fakültənin ingilis bölməsində təhsil alan üçüncü kurs tələbəsi Nərmin Əliyeva “Data jurnalistikası” mövzusunda təqdimatla çıxış edib. O, data jurnalistikanın bir hekayənin verilənlər əsasında daha dərindən araşdırılaraq auditoriyaya çatdırıldığı data əsaslı jurnalistika sahəsi olduğunu bildirib. Son dövrlərin jurnalistikasında önəmli istiqamətə çevrilən bu sahənin, eyni zamanda data jurnalistinin xəritə əsasında material hazırlamasının əhəmiyyətindən bəhs edib.
Məruzəçinin çıxışından sonra TEC sədri Vəfa İsgəndərova vurğulayıb ki, data jurnalistikası hazırda dünya mediasında bir trenddir və geniş yayılmaqdadır. Rəqəmsal jurnalistika, digital və kompüter əsaslı media kimi də adlandırılan data jurnalistikasının əsas mahiyyəti statistik məlumatların toplanması, filtrdən keçirilməsi və hekayə əlavə edilərək infoqrafik üsullarla təqdim edilməsidir. Bu cür təqdimat isə müasir insanın informasiyanı qəbul etmək tələbatına uyğun gəlir.
TEC sədri sözügedən sahəni Azərbaycanda da inkişaf etdirməkdə fayda olacağını, gələcəkdə jurnalistika fakültəsində data jurnalistikası ilə bağlı yeni təlimlər, elmi seminarların keçiriləcəyi, araşdımaların aparılacağını qeyd edib.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.