Tanınmış teleaparıcı ilə tələbələr görüşüb
Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası arasında bağlanmış Anlaşma Memorandumu çərçivəsində növbəti ustad dərsi keçirilib.
Tanınmış teleaparıcı Dilarə Səlimin Jurnalistika fakültəsinin 3-cü kurs tələbələri ilə görüşü təşkil olunub. Görüşdə jurnalistikanın təməl peşə prinsipləri, televiziya jurnalistikasının özəllikləri barədə tələbələrə geniş məlumat verilib. Məlumatın çatdırılmasında jurnalistin istifadə etdiyi metodlar, həmçinin aparıcı işinin özəllikləri müzakirə olunub.
Dilarə Səlim peşəkar jurnalist kimi yetişmək üçün öncə təhsilin, daha sonra mütaliənin və öz üzərində daim çalışmağın vacib olduğunu vurğulayıb. İnteraktiv şəraitdə keçən görüşdə qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.