Tanınmış məzun jurnalistlərlə görüş
Jurnalistika fakültəsinin tanınmış məzunları ilə bağlı keçirilən silsilə tədbirlər davam edir.
BDU-nun Jurnalistika fakültəsinin məzunları, əməkdar jurnalist, MEDİA-nın Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov və əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu ilə görüş keçirilib.
Fakültə dekanı Vüqar Əliyev qonaqları təqdim edərək hər iki jurnalistin həyat və yaradıcılığı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Çıxış edən əməkdar jurnalist Dağbəyi İsmayılov tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb və tələbələrə öz tövsiyələrini verib. Bildirib ki, əsl jurnalist üçün vacib keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsi, zəhmətdən qorxmaması, yazmaqdan usanmaması, çoxlu mütaliə etməsidir.
Əməkdar jurnalist Tahir Aydınoğlu isə jurnalist peşəsinin çətin, məsuliyyətli, bir o qədər də şərəfli peşə olduğunu vurğulayıb. O, eyni zamanda Jurnalistika fakültəsinin ustad müəllimləri- Şirməmməd Hüseynov, Nəsir Əhmədli, Famil Mehdi, Cahangir Məmmədli, Akif Rüstəmov ilə bağlı tələbəlik illərinin xatirələrini bölüşüb.
Tədbir çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.