Tanınmış jurnalist tələbələrlə görüşüb
Bu gün Jurnalist Ekspert Mərkəzinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Ceyhun Musaoğlu Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə master klass keçib.
Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev tələbələrə qonaq haqqında məlumat verib, bu cür görüşlərin tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra Ceyhun Musaoğlu tələbə-jurnalistlərə müasir jurnalistikanın yeni yaradıcılıq trendləri, təməl prinsipləri barədə geniş məlumat verib. O, son vaxtlar KİV-də ixtisaslaşma tendensiyasının artdığını qeyd edib, tələbələrə müasir medianın əsas tələbləri barədə danışıb və vurğulayıb ki, hər gün yenilənən informasiya texnologiyaları, sosial şəbəkələrin fonunda jurnalistlər də hadisələrə daha çevik reaksiya verməlidirlər.
Ustad dərsi auditoriya tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, görüş BDU-nun tarixi muzeyi və Jurnalistika fakültəsi ilə birgə təşkil olunub.
Sonda qonaq tələbələrə kitablar hədiyyə edib.