Tanınmış jurnalist Ceyhun Musaoğlu ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan dekan müavini Samir Mirzəyev qonaq barədə məlumat verərək fakültədə tanınmış media nümayəndələri ilə görüşün ənənə halını aldığını diqqətə çatdırıb.
Fakültə dekanı professor Vüqar Zifəroğlu C.Musaoğlunun jurnalistikadakı çoxillik təcrübəsindən danışaraq belə görüşlərin tələbələrin praktik biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Ceyhun Musaoğlu jurnalistikanın cəmiyyətə təsir gücündən, peşənin məsuliyyətindən bəhs edərək, sahə ilə bağlı gənc jurnalistlərə tövsiyələrini verib. Tədbir əsnasında C.Musaoğlunun müəllifi olduğu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin icra etdiyi "Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış" layihəsi çərçivəsində hazırlanmış “Fövqündə” kitabının təqdimatı da keçirilib.
Çıxış edənlər kitabının həm peşəkar jurnalistlər, həm də tələbələr üçün əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, kitabın redaktoru fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev, ön sözün müəllifi isə Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədlidir.
Sonda müəllif tələbələrə imzalı kitabını təqdim edib.