Tanınmış idman jurnalisti Gündüz Abbaszadə ilə görüş keçirilib
-lg.jpg)
Jurnalistika fakültəsində “BDU könüllüləri”nin təşkilatçılığı ilə tanınmış idman jurnalisti, “CBC Sport” telekanalının şərhçilər qrupunun rəhbəri və proqramlar direktoru Gündüz Abbaszadə ilə “İdman jurnalistikasında peşəkarlıq, təcrübə və media etikası” mövzusunda görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev qonağı iştirakçılara təqdim edib, belə görüşlərin gələcək jurnalistlərin hərtərəfli inkişafında mühüm rol oynadığını vurğulayıb. Gündüz Abbaszadə idman mediasında qazandığı təcrübəni tələbələrlə bölüşərək, bu sahənin jurnalistikanın digər sahələri ilə müqayisədə daha dinamik və çevik fəaliyyət tələb etdiyini vurğulayıb: “Bu sahə mənə müxtəlif ölkələrdə keçirilən idman yarışlarını izləmək və fərqli idman mühitlərini yaxından tanımaq imkanı verib. İndiyədək onlarla ölkədə olmuşam. Avropa ölkələrində idman yayımı daha peşəkar səviyyədə təşkil olunur. Bununla belə, Azərbaycanda da idman jurnalistikasının inkişafı üçün kifayət qədər böyük potensial mövcuddur”.
Jurnalistika təhsilinin müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməsinin vacibliyinə toxunan natiq bildirib ki, jurnalistika daim dəyişən və inkişaf edən sahədir və buna görə də tədris proqramları müasir medianın tələblərinə uyğunlaşdırılmalıdır.
Görüş interaktiv müzakirə formatında davam edib. Tələbələr idman jurnalistikasının xüsusiyyətləri, bu sahədə karyera qurma imkanları və onları maraqlandıran digər mövzularda suallar ünvanlayıblar.
Sonda Gündüz Abbaszadə bu sahədə çalışmaq istəyən gənclərə dəyərli tövsiyələr verib, idman jurnalistikasında uğur qazanmaq üçün daim çalışmaq, peşəkarlığı artırmaq və idmana olan sevgini qorumağın vacib olduğunu vurğulayıb.