Tanınmış aparıcı Namiq Əliyev “Televiziya jurnalistikası” dərsinin qonağı olub
Mərkəzi Bankın mətbuat katibi, Azərbaycan Televiziyasının (AZTV) "İqtisadiyyat xəbərləri" verilişinin aparıcısı və redaktoru Namiq Əliyev BDU-nun Jurnalistika fakültəsində “Televiziya jurnalistikası” dərsinin qonağı olub.
Fənn müəllimi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanova qonağı salamlayaraq, onu fakültədə görməkdən məmnunluğunu ifadə edib və görüşün məqsədi barədə məlumat verib.
Namiq Əliyev bir vaxtlar təhsil aldığı universitetdə auditoriyaya yeni statusda qayıtmağın qürurverici olduğunu vurğulayıb, ötən illərlə müqayisədə həm təhsildə, həm də təcrübədə jurnalistika sahəsində olan yeniliklər haqqında danışıb.
Daha sonra o, ATV, AzTV və digər telekanallardakı təcrübəsinə əsasən, xəbər buraxılışının hazırlanması, diqqət yetirilməli önəmli məqamlar, reportyor işi, redaktə prosesi, teleaparıcının iş özəllikləri ilə bağlı geniş məlumat verib. N.Əliyev jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu vurğulayaraq, bu işi sevməyin və hər zaman öz üzərində çalışmağın əsas şərtlərdən olduğunu tələbələrin diqqətinə çatdırıb.
Çoxsaylı suallara cavab verən jurnalist daha sonra tələbələrlə fikir mübadiləsi aparıb, maraqlı sual və fəallığı ilə fərqlənən tələbələrə müəllifi olduğu kitabları hədiyyə edib.