“Sosial media savadlılığı” mövzusunda elmi seminar keçirilib
Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ilk elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan TEC-in sədri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev onlayn seminara qoşulanların hər birini salamlayıb, belə seminarların davamlı olacağını bildiriblər. Daha sonra fakültənin birinci kurs ingilis bölməsində təhsil alan magistrantı Sahilə Musayeva “Sosial media savadlılığı” mövzusunda təqdimatla çıxış edib. O, sosial medianın insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşmağın üstünlüklərindən bəhs edib. Eyni zamanda sosial şəbəkələr, bloqlar, elektron informasiya saytları və s. kimi insanların bir-biri ilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradılmasının vacibliyini vurğulayıb.
Magistrantın çıxışından sonra TEC sədri Vəfa İsgəndərova bildirib ki, media savadlılığı insanların mediadan, onun ötürdüyü informasiyadan düzgün yararlanmasına, tənqidi qiymətləndirilməsinə və yeni media məhsulu yaratmasına yardımçı olur. Medianın cəmiyyət üzərindəki təsirlərinin günü-gündən artması, eyni zamanda sosial medianın istifadə arealının genişlənməsi media tənqidi dərslərinin vacibliyini ortaya qoyur. Bunun üçün də media savadlılığı dərslərinin keçirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Məhz bugünki elmi seminarın da sosial media savadlılığına həsr olunmasını təqdirəlayiq hesab edərək belə uğurlu təqdimata görə magistrant Sahilə Musayevaya təşəkkürünü bildirib, elmi araşdırmalarında uğurlar arzulayıb.
Elmi seminar tələbələrin sual-cavabı ilə yekunlaşıb.