“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ustad dərsi keçirilib
-lg.jpg)
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Jurnalistika fakültəsində ustad dərsi təşkil olunub.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, mədəni irs mütəxəssisi Fariz Xəlilli “Yeni şəhərlərin salınmasında memarlıq abidələrinin qorunması prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir şəhərsalma siyasətində tarixi-mədəni irsin qorunmasının əhəmiyyəti, urbanizasiya prosesində memarlıq abidələrinin inteqrasiyası, eləcə də yeni yaşayış məkanlarının planlaşdırılmasında milli memarlıq ənənələrinin saxlanılması məsələləri geniş şəkildə təqdim olunub.
Fariz Xəlilli bildirib ki, yeni şəhərlərin qurulması yalnız müasir infrastrukturun yaradılması ilə məhdudlaşmamalı, eyni zamanda tarix və mədəniyyət yaddaşını qoruyan memarlıq nümunələrinin yaşadılmasına xidmət etməlidir. O, xüsusilə azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin şəhərsalma baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir interaktiv müzakirə formatında davam edib. Tələbələr şəhər planlaşdırılması, tarixi abidələrin mühafizəsi, media və şəhərsalma münasibətləri ilə bağlı suallar ünvanlayaraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.