“Region mətbuatının Azərbaycan jurnalistika tarixində yeri” mövzusunda elmi seminar

Jurnalistika fakültəsi Milli mətbuat tarixi kafedrasında ETL-in elmi işçisi Günay Məmmədovanın “Region mətbuatının Azərbaycan jurnalistika tarixində yeri” mövzusunda elmi seminarı keçirilib.
Seminarda Azərbaycan jurnalistikasının inkişafında region mətbuatının rolu, tarixi mərhələləri və müasir dövrdə qarşılaşdığı problemləri haqqında məlumat verilib. Seminarda fakültənin professor-müəllim heyəti iştirak edib. Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxış edərək elmi seminarın mövzusunun aktuallığından danışdı. Seminarda milli şüurun formalaşmasında mühüm rol oynayan, Gəncə, Şəki, Lənkəran və digər bölgələrdə çıxan qəzetlərin bölgə əhalisinin həyatındakı əhəmiyyətindən bəhs edildi. Məruzələrdə xüsusilə region mətbuatının sovet dönəmindəki vəziyyəti, məhdudiyyətlərə baxmayaraq xalqın maariflənməsindəki rolu və müstəqillik dövründə fəaliyyət istiqamətləri ətraflı şəkildə müzakirə edildi. Elmi seminar jurnalistika sahəsində region mətbuatının Azərbaycan tarixindəki önəmli yerinin yenidən qiymətləndirilməsinə, problemlərin və inkişaf perspektivlərinin müzakirəsinə zəmin yaratdı.
Seminarın yekununda iştirakçılar belə elmi tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğuladılar.