Qazi məzunlarla görüş davam edir
Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsində ehtiyyatda olan baş leytenant, jurnalist Pərviz Aslanovla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Samir Mirzəyev qonaqla bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, Pərviz Aslanov 44 günlük Vətən müharibəsinin aktiv iştirakçısı olub, torpaqlarımızın azad olunmasında böyük şücaət göstərib və "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Jurnalist Pərviz Aslanov əvvəlcə peşə sənətindən, hərbi jurnalistikaya olan sevgisindən, eyni zamanda İctimai Tv-nin efirində yayımlanan “Salam əsgər” verilişinin aparıcısı olduğu dönəmdən bəhs edib. İndiki gənclərdə vətənpərvərlik ruhunun yüksək olmasını, xüsusuilə də zəfər tariximizdə iz qoyan gənclərin igidliyini böyük fəxrlə vurğulayıb.
Daha sonra Pərviz Aslanov 44 günlük Vətən müharibəsində iştirakı, xüsusilə Şuşa döyüşlərində müzəffər Ordumuz tərəfindən aparılan uğurlu döyüş yolu ilə bağlı tələbə jurnalistləri məlumatlandırıb. Eyni zamanda 44 günlük müharibə dönəmində medianın fəaliyyətini, informasiya müharibəsində də qazanılan uğurları tələbələrin bir daha diqqətinə çatdırıb və bu peşəyə yiyələnən hər bir tələbəyə öz tövsiyyələrini bildirib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, baş leytenant, jurnalist Pərviz Aslanov görüşdən sonra BDU Tv-də yayımlanan “Zəfər yolu” verilişinin də qonağı olub.