Qazi-məzun Bəxtiyar Məcidli ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) "Zəfər tarixi" lektoriyasında İkinci Qarabağ müharibəsinin iştirakçısı, Jurnalistika fakültəsinin məzunu Bəxtiyar Məcidli ilə görüş keçirilib.
Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu qonaq barədə tələbələri məlumatlandıraraq, artıq beş ildir ki, Azərbaycanın tarixi günləri sırasına Zəfər Gününün əlavə olunduğunu bildirib. O, bu günün yalnız qələbə deyil, həm də suverenliyin tam bərpası yolunda mühüm mərhələ olduğunu vurğulayıb.
Fakültə dekanı Vüqar Zifəroğlu çıxışında fakültə olaraq qazilərlə silsilə görüşlərin təşkil edilməsinə xüsusi diqqət çəkib. O, jurnalistikanın hadisələrə fərqli və obyektiv yanaşması ilə digər peşələrdən fərqləndiyini bildirib.
Daha sonra, İkinci Qarabağ müharibəsinin iştirakçısı, fakültənin məzunu və jurnalist Bəxtiyar Məcidli çıxış edərək, müharibə zamanı qarşılaşdığı ağır və çətin anları, döyüş yoldaşlarının göstərdiyi böyük cəsarət və qəhrəmanlıq nümunələrini tələbələrlə bölüşüb.
Sonda tələbələrin sualları cavablandırılıb.