“Qarabağ konfliktinin Almaniya mediasında işıqlandırılması” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib.
Moderator, TEC sədri Ruhiyə Balakişiyeva elmi seminarın mövzusu və məruzəçisi haqqında seminar iştirakçılarını məlumatlandırıb.
Daha sonra Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının 2-ci kurs magistrantı Azad Nuriyev “Qarabağ konfliktinin Almaniya mediasında işıqlandırılması” mövzusunda təqdimatla çıxış edib. Məruzədə Qarabağ münaqişəsi barədə yazılar dərc edən Almaniyanın aparıcı media orqanlarının- “Süddeutsche Zeitung (Züddoyçe Zaytunq), “Die Welt” (Di Velt), “Der Spiegel”, (Der Şpigel)-in adları çəkilib. Alman mediasının uzun illər davam edən münaqişəni, xüsusilə Aprel döyüşləri və 44 günlük Vətən müharibəsini işıqlandırması baxımından mövqeyi diqqətə çatdırılıb.
O cümlədən, Almaniya televiziyası “ZDF”-in Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarda- Füzulidə, Ağdamda hazırladığı reportajlar, həmin bölgələrdən 1993-cü ildə məcburi köçkün olan sakinlərlə söhbət aparması qeyd olunub.
Məruzənin sonunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə Alman televiziya kanalı “ARD”-ə verdiyi müsahibədən danışılıb. ARD müxbirinin Ali Baş Komandana ünvanladığı qərəzli sualların əsl mahiyyəti izah olunub.
Elmi seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.