“Qara tale, ağ ölüm” adlı sənədli film nümayiş olunub

Nizami Kino Mərkəzində əməkdar jurnalist, “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Mübariz Əsgərovun müəllifi olduğu “Qara tale, ağ ölüm” adlı sənədli filmin nümayişi və “Həyatımızın ən qlobal problemləri mediada necə işıqlandırılmalıdır? Media qarşısında duran vəzifələr” mövzusunda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllim və tələbələri ilə geniş müzakirə keçirilib.
Sənədli film narkomaniyanın cəmiyyət üçün yaratdığı ağır fəsadları, bu bəlanın qurbanlarının faciəli talelərini real faktlar və təsirli kadrlarla təqdim edir. Ekran əsərinin əsas məqsədi narkomaniyanın təkcə fərdi yox, bütövlükdə cəmiyyət üçün qlobal təhlükə
olduğunu bir daha nümayiş etdirməkdir. Filmdə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mütəşəkkil mübarizədən geniş bəhs olunur. Narkotik maddələri ən ağlagəlməz üsullarla ölkə ərazisinə keçirməyə cəhd göstərən narkotacirlərin ifşa edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması fakt və sübutlarla göstərilir.
Çəkilişlər sərhəd-keçid məntəqələrində və həbsxanalarda aparılıb. 33 dəqiqəlik sənədli film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlanıb.
Nümayişdən sonra Fakültənin dekan müavinləri Sevinc Əliyeva və Samir Mirzəyev, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Zaur Babayev, Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Arzu İsayeva həm film, həm də mövzu ilə bağlı çıxış ediblər. Tədbir müəllim və tələbələrlə diskussiya şəklində davam edib.