“Publisistik yaradıcılığın elmi araşdırılmasında poetikanın yeri” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin “Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedrasında doktorant Firuzə Əliyevanın “Publisistik yaradıcılığın elmi araşdırılmasında poetikanın yeri” mövzusunda elmi seminarı keçirilib.
Seminarı giriş sözü ilə kafedra müdiri, dosent Xatirə Hüseynova açaraq elmi tədqiqatlarda poetikanın yerinin aktual bir məsələ olduğunu vurğulayıb, publisistika ilə ədəbiyyat arasındakı əlaqələrin araşdırılmasının vacibliyini qeyd edib.
Daha sonra doktorant Firuzə Əliyeva məruzə ilə çıxış edib. O, təqdimatında publisistikanın elmi araşdırılmasında poetik yanaşmanın rolu, bu sahədə mövcud metodoloji yanaşmalar və əsas tədqiqat problemləri barədə geniş məlumat verib. Bildirib ki, publisistika təkcə informativ deyil, eyni zamanda bədii-estetik funksiyanı da yerinə yetirir və bu baxımdan onun poetik strukturu diqqətlə öyrənilməlidir.
Doktorantın elmi rəhbəri, professor Cahangir Məmmədli çıxış edərək, mövzunun elmi-metodoloji əsasları haqqında fikirlərini bölüşüb. O, publisistikanın poetik elementlərinin təhlili zamanı nəzərə alınmalı əsas kriteriyalardan bəhs edib və doktoranta bu istiqamətdə tövsiyələr verib.
Seminarın sonunda doktorantın araşdırmasının daha da təkmilləşdirilməsi üçün təkliflər səsləndirilib, gələcək tədqiqat istiqamətləri müzakirə olunub.