Professor Qulu Məhərrəmlinin kitab təqdimatı keçirilib
Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadəyə həsr etdiyi kitabının təqdimat mərasimi keçirilib.
Professor Qulu Məhərrəmli bildirib ki, kitab əsasən gənc auditoriya üçün nəzərdə tutulub: "Mən bu kitab üzərində 3 il çalışmışam. Çox sayda ciddi, maraqlı sənədlərdən, arxiv materiallarından, Rəsulzadə haqqında yazılan kitablardan istifadə olunub. Son zamanlar onun Finlandiyada, Polşada və başqa ölkələrdəki fəaliyyəti ilə bağlı ciddi sənədlər, materiallar üzə çıxarılır. İnsan ömrü boyu Azərbaycanın istiqlalı, dövlət müstəqilliyi uğrunda mübarizə aparıb. Bir an da o mübarizədən çəkinməyib. Məşhur tatar siyasətçinin məşhur bir sözü var. O deyir ki, "Məmməd Əmin Rəsulzadə öz xalqının müstəqilliyi, istiqlalı uğrunda səhhətini, ailəsini, bütün həyatını qurban verdi". Doğrudan da belə tarixi bir şəxsiyyət öyrənilməyə, oxunmağa, təbliğ olunmağa layiqdir.
Kitabın əsas məqsədi istiqlal savaşının, dövlət müstəqilliyinin rəmzi olan Məmməd Əmin Rəsulzadənin həyatını publisistik, populyar dildə oxuculara çatdırmaqdır.
Professor vurğulayıb ki, Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı Prezidentin sərəncamı var: "Düşünürəm ki, çox gərəkli sənəddir. Bu sənədə istinadla bizim nəşriyyatlar, siyasətçilərimiz, dövlət strukturları onun 140 illiyinin layiqli keçirilməsini təmin etməlidir".