professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində şair, tənqidçi, publisist, professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev görkəmli alim və pedaqoq Famil Mehdinin araşdırmalarının öz aktuallığını bu gün də qoruduğunu deyib: “Ölkəmizdə mətbuat janrlarını ilk dəfə sistemləşdirən və araşdıran, onu öz kitablarında və elmi məqalələrində təqdim edən Famil Mehdi olub. Onun “Mətbuat janrları” və “Bədii publisistika” kitabları bu qəbildən qiymətli nümunələr sayıla bilər. Bununla bərabər, publisistikada bədiilik nəzəriyyəsinin əsası da məhz Famil Mehdi tərəfindən qoyulub. Onun şair olmasını nəzərə alsaq, bu, çox təbii haldır. Famil Mehdi alim olmaqla yanaşı, həm də çox güclü vətənpərvər idi”.
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova unudulmaz professorun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Ağdam pedaqoji məktəbində təhsil alıb. Sonra BDU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə “Bakı” axşam qəzetində ədəbi işçi kimi başlayıb. Sonra Jurnalistika fakültəsində müəllim, baş müəllim olub, 1973-cü ildən isə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışıb. “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olub. Ali məktəb tələbələri üçün “Jurnalistika məsələləri” adlı dərsliyin müəlliflərindən biridir. “Alovlu publisist Səməd Vurğun”, “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri”, “Mətbuatda publisistika”, “Bədii publisistika” kimi monoqrafik kitablar və dərs vəsaitləri də onun qələminin məhsuludur.
Daha sonra çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov, kafedranın dosenti Zaur Babayev, fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, əməkdaşı Xalidə Cavadova və Famil Mehdinin oğlu Şamil Mehdi professorla bağlı xatirələrindən söz açıb, onun nəcib və gözəl insani keyfiyyətlərə sahib olduğunu deyiblər.
Sonra fakültənin I kurs tələbəsi Xədicə Əlizadə və məzunu Əsgər İsmayılov tərəfindən Famil Mehdinin poeziyasından parçalar səsləndirilib.