Multimedia və elektron kommunikasiya kafedrasında elmi seminar

Multimedia və elektron kommunikasiya kafedrasının müəllimlərinin və tələbələrin iştirakı ilə “Universitet təhsilindən xəbər redaksiyası reallığına: Jurnalistika məzunları hansı müasir bacarıqlara malik olmalıdır?” mövzusunda elmi-praktik seminar keçirilib.
Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva seminarı giriş sözü ilə açaraq sözü Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmliyə verib. Professor Q.Məhərrəmli çıxış edərək
jurnalistika təhsilində nəzəriyyə-təcrübə boşluğunun aradan qaldırılması üçün universitet və media qurumları arasında sıx əməkdaşlığın, daha çox mentorlu təcrübə proqramlarının təşkil olunmasının vacibliyini vurğulayıb.
London Vestminster Universitetinin (University of Westminster) məzunu, Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Günel Əhmədova təqdimatla çıxış edərək bildirib ki, müasir tədris qlobal nəzəri jurnalistika təhsilindən kənara çıxmalı və tələbələri müasir xəbər redaksiyaları tərəfindən tələb olunan praktik, rəqəmsal və analitik bacarıqlarla təchiz etməlidir.
Təqdimatda jurnalistika təhsilinin üzləşdiyi çətinliklər araşdırılıb və tədris planına media sənayesinin inkişaf edən ehtiyaclarına daha yaxşı uyğunlaşdırmaq üçün praktik tədbirlər təklif olunub.
Tədbirin moderatoru qeyd edib ki, xəbər yazmaq, müsahibə aparmaq, araşdırma aparmaq və etik xəbər hazırlamaq kimi ənənəvi bacarıqlar vacib olaraq qalsa da, bugünkü jurnalistlər multimedia istehsalı, məlumatların təhlili, rəqəmsal xəbər doğrulaması, auditoriya ilə əlaqə və süni intellektin (Sİ) məsuliyyətli stifadəsində də səriştəli olmalıdırlar. Səslənən əsas tövsiyələrdən biri gələcək jurnalistlərin hekayələr təqdim edə, müsahibələr apara, məlumatları yoxlaya, redaksiya müddətlərinə əməl edə və real şərtlər altında kontent dərc edə biləcəyi işlək tələbə xəbər otaqlarının yaradılmasıdır.
Təqdimatda həmçinin müasir akademik jurnalistikanın birdən çox sahəvi bacarığı birləşdirən inteqrasiya olunmuş praktik tapşırıqların üzərində qurulmasının məzunlar üçün iş fəaliyyətində faydalı olacağını vurğulanıb.
Elmi seminar interaktiv şəkildə, tələbələrin sual-cavabı əsasında yekunlaşıb.