“Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü” adlı tədbir keçirilib

Jurnalistika fakültəsində AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə “Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü” mövzusunda təqdimatla çıxış edib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Samir Mirzəyev iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli qonağın elmi yaradıcılığıı və fəlsəfi baxışları haqqında geniş məlumat verib. O, K.Bünyadzadənin həm fəlsəfə, həm də media sahəsindəki fəaliyyətinin tələbələr üçün nümunə olduğunu vurğulayıb.
Sonra söz qonağa verilib. O, fəlsəfə və “dördüncü hakimiyyət” hesab olunan media arasında olan əlaqələrdən danışıb, filosofların və alimlərin bu mövzuda söylədiyi fikirləri tələbələrlə bölüşərək, fəlsəfi düşüncənin mediada necə təzahür etdiyinin izahını verib.
Qonaq xüsusilə gerçəklik anlayışı üzərində dayanaraq, obyektiv və subyektiv gerçəklik haqqında geniş məlumat verib. Könül xanım tərs piramida üzərindən gerçəkliyin qatlarını izah edib və bu anlayışın media ilə əlaqəsini diqqətə çatdırıb. Daha sonra fəlsəfənin mediaya nə verdiyi haqqında maraqlı müzakirələr aparılıb. O, müxtəlif nümunələr gətirərək fəlsəfənin mediaya düşüncə dərinliyi, analiz bacarığı və obyektiv yanaşma qazandırdığını bildirib.
Tədbirdə çıxış edən Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova Könül xanımla tanışlıq hekayəsindən danışaraq, bu tanışlığın onun yaddaşında xüsusi yer tutduğunu qeyd edib. Həmçinin Könül Bünyadzadənin qardaşı, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin həyat yolundan da bəhs edib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və görüş səmimi müzakirələrlə yekunlaşıb.