“Molla Nəsrəddin” jurnalının 115 illiyi qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyi ilə bağlı onlayn tədbir keçirilib. Giriş sözü ilə çıxış edən moderator, fakültənin dekan müavini Samir Mirzəyev tədbir iştirakçılarını salamlayaraq, əlamətdar günün əhəmiyyətindən bəhs edib.
Sonra söz fakültənin dekanı Vüqar Əliyevə verilib. Dekan Cəlil Məmmədquluzadə yaradıcılığı və Azərbaycan mətbuatı tarixində özünəməxsus yer tutan mətbu orqanları içərisində “Molla Nəsrəddin” jurnalının önəmini vurğulayıb.
Daha sonra Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Allahverdi Məmmədli Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, “Molla Nəsrəddin” jurnalı ilə bağlı geniş məruzə ilə çıxış edib. Professor görkəmli publisistin jurnalı yaratmaqla satirik publisitikanın, eyni zamanda satirik qrafika və karikaturanın əsasını qoyduğunu bildirərək, Azərbaycan mətbuatının inkişafında müstəsna rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. A.Məmmədli Azərbaycan satirik mətbuatının zirvəsi sayılan “Molla Nəsrəddin” jurnalının hər nömrəsində Cəlil Məmmədquluzadənin “Vətən, millət, dil” ideyasının özünü göstərdiyini bildirib.
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli jurnalın dövrümüz üçün müasir olduğunun əhəmiyyətini diqqətə çatdırıb.
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, professor Həmid Vəliyev isə “Molla Nəsrəddin” jurnalının Tiflisdə nəşrə başlamasının təsadüfü olmadığını qeyd edib.
Tədbirdə çıxış edənlər sırasında professorlar Nəsiman Yaqublu, Qulu Məhərrəmli, Nəsir Əhmədli, siyasi elmlər üzrə elmlər doktoru Sabir Məmmədli, dosent Aygün Əzimova jurnalın 115 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, görkəmli publisist C.Məmmədquluzadə və satirik jurnalla bağlı fikirlərini bölüşüblər.
Tədbir maraqlı müzakirələr və təkliflərlə yekunlaşıb.