Milli Teatr gününə həsr olunmuş görüş
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Jurnalistika fakültəsinin təşkilatçılığı ilə xalq artisti Pərviz Məmmədrzayevlə onlayn görüş keçirilib. Milli Teatr gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu teatrımızın yaranma tarixi və mədəniyyət tariximizdə oynadığı roldan bəhs edib. Sonra söz alan THİK sədri Hacıbaba Mustafayev teatrı maarifçilik hərəkatının əsas amillərindən biri kimi dəyərləndirib. Tədbirin aparıcısı Jurnalistika fakültəsinin I kurs tələbəsi Orxan Qayıbov qonağın həyat və yaradıcılığı haqqında təqdimatla çıxış edib. Sonra söz xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Pərviz Məmmədrzayevə verilib. P.Məmmədrzayev teatr və aktyorluq sənəti: yaranması, formalaşması, müasir problemləri və s. ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Onlayn görüş tələbələri maraqlandıran çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.