Milli mətbuat tarixi kafedrasında elmi seminar
Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasında doktorant Afaq Ağayarovanın “Sənətulla Eynullayevin "İqbal" qəzetindəki maarifçilik fəaliyyəti” mövzusunda elmi seminarı keçirilib.
Giriş sözü ilə çıxış edən elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva doktorantın özü və elmi işi ilə bağlı seminar iştirakçılarını məlumatlandırıb.
Doktorant “Sənətulla Eynullayevin "İqbal" qəzetindəki maarifçilik fəaliyyəti” mövzusu ilə çıxış edib. Bildirib ki, “İqbal”ın əsas müəllifləri Azərbaycan xalqının tarixinə və mədəniyyətinə dərindən bələd olan işıqlı ziyalılar olublar. Onlar dövrlərinin mütərəqqi ideyalarından bəhrələnərək xalqın xoşbəxtliyi, tərəqqi və inkişafı, cəhalət və səfalət məngənəsindən çıxaraq səadətə qovuşması yolunda var qüvvə ilə çalışıb, xalqı maarifə, tərəqqiyə və yüksəlişə səsləyiblər. Məqsədləri mənsub olduqları millətin, xalqın nümayəndələrinin avamlığını və ətalətini aradan qaldırmaqla, kütlələri elmə və bilik almağa dəvət etməklə Vətənin çiçəklənməsinə, qabaqcıl, sivil dövlətlər arasına çıxmasına nail olan həmin ziyalılar bu yolda var qüvvə ilə çalışmaqla yanaşı, cəhalət və nadanlıqdan çıxış yollarını da göstəriblər.
Seminarda A.Ağayarova bu işdə əsas aparıcı qüvvə olan qəzetin naşiri S.E. İbrahimovun rolunu xüsusi vurğulayıb.
S.Eynullayevin “İqbal”dakı fəaliyyəti, ideoloji-siyasi fəaliyyəti, bu fəaliyyətin Azərbaycan mətbuatında açdığı yeni cığır məruzənin əsas mövzusu olub.
Elmi seminarda kafedranın müdiri prof.Cahangir Məmmədli, müəllimlərdən prof. Nəsiman Yaqublu, dos.Aygün Əzimova, dos.Aytəkin Zeynalova, Samir Mirzəyev, Nigar Ağayeva, Elmi təşkilati şöbənin əməkdaşı Məleykə Rzayeva və tələbələr iştirak ediblər.
Məruzə ilə bağlı prof. Nəsiman Yaqublu fikir bildirərək öz qeydlərini əlavə edib. Dissertasiyada qruplaşdırmaların aparılmasının zəruriliyini nəzərə çatdırıb.
Digər çıxış edən seminar iştirakçıları doktorantın mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğurlar arzulayıblar.