Milli mətbuat tarixi kafedrasında elmi seminar
Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasında elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva açaraq kafedranın doktorantı Nuranə Həsənova haqqında məlumat verib.
Doktorant “Cumhuriyyət qurucuları barədə mətbuatda nəşr olunan ilk yazılar(1985-1995)” mövzusu ilə çıxış edib.
O, məruzədə Sovet hakimiyyəti illərində xalqın milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmasından, tarixi dövlətçiliyimizin təhriflərə məruz qalmasından bəhs edib. XX əsrin sonlarında illər boyu gizli qalan arxivlərin açılması ilə tarixçi alimlər, jurnalist və tədqiqatçıların sovet ideoloji rejiminin təzyiq, təsiri altında baş verən təhriflərin aradan qaldırılmasına müvəffəq olduqlarını qeyd edib.
Bildirilib ki, AXC qurucularının 23 ay müddətində demokratik idarəçilik sisteminə əsaslanaraq xalqın oyanışında, yeni siyasi şüurun formalaşmasında onların əvəzsiz xidmətləri olub.
Elmi seminarda Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, kafedranın professoru Nəsiman Yaqublu, dosentlər Sima Rəhimova, Aygün Əzimova, Qərənfil Quliyeva, müəllim Samir Mirzəyev iştirak ediblər və mövzunun aktuallığı ilə bağlı fikirlərini bildiriblər.
Sonda elmi rəhbər, professor Nəsiman Yaqublu doktorantın mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğurlar arzulayıb.