“Mətbu orqanların transliterasiyası: yanaşmalar və çətinliklər” mövzusunda elmi seminar

Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Mirzəyevin “Mətbu orqanların transliterasiyası: yanaşmalar və çətinliklər” mövzusunda elmi seminarı keçirilib.
Seminarda transliterasiya işi, onun yaranma zərurəti, proses zamanı qarşıya çıxan əsas problemlər, transliterasiya işinin prinsipləri, orijinala sadiqlik, vahid yazı standartı, tarixi mənbələrin müqayisəli analizi və terminoloji dəqiqlik məsələlərinə toxunulub. Samir Mirzəyev Azərbaycanda transliterasiya işinin mərhələləri – sovet, mühacirət və müasir dövrlər üzrə görülən işlər, transliterasiya ilə məşğul olan tədqiqatçılar barədə geniş təqdimatla çıxış edilib. O, transliterasiya işinin təkcə texniki proses olmadığını, həm də mətbuat tarixinin öyrənilməsi baxımından mühüm elmi - metodoloji məsuliyyət tələb etdiyini vurğulayıb.
İnteraktiv şəkildə keçən seminarda iştirakçılar müxtəlif nümunələr üzərində müzakirələr apararaq transliterasiya işi zamanı yaranan çətinliklərin həlli yolları barədə fikir mübadiləsi ediblər.
Seminar Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin yekun nitqi ilə başa çatıb.