Mənim doğma Universitetim
Müəllimlərimdən birinin fikridir: “Universitet sözü müqəddəs məna daşıyır və bu söz mətnin bütün məqamlarında böyük hərflə yazılmalıdır”. Özündə böyük məna daşıyan Universitet sözü mənim üçün də müqəddəs anlayışdır. Mən bu sözün müqəddəsliyini Bakı Dövlət Universitetində təhsil aldığım ilk günlərdən anladım. Jurnalistika fakültəsində oxudum. Bakalavr pilləsini, bundan dərhal sonra Magistraturanı bitirdim. Artıq iki ildir ki, mən bu Universitetin məzunuyam. Tələbəlik illərində faktı görmək, həyatı müşahidə etmək və bu müşahidələri çeşidli yazılara köçürmək işinin vacibliyini müəllimlərimiz bizə anlatdılar. Həyatın hər sahəsinə jurnalist baxışımız var. Və bu müşahidələr içərisində doğma Universitetimizin fəaliyyəti şəxsən mənim üçün hər bir faktdan daha maraqlı oldu.
Bakı Dövlət Universitetinin 100 illik yubiley təntənəsi, əlbəttə, yüz ildən bir olacaq. Birinci yüz illik təntənəsinin qeyd olunması mənim də magistratura illərimin qisməti oldu. Müşahidə etdim ki, Azərbaycan xalqı özünün ilk ali təhsil ocağının-Bakı Universitetinin 100 illik yubileyini necə böyük qürur və sevgi hissi ilə qarşıladı. Azərbaycanın Prezidenti İlham Əliyevin bu yubileydəki təbrik nitqi müəllim və tələbələri-25 minlik kollektivi necə təsirləndirdi, Prezident bu tarixi nitqində gənc nəsli Vətəni daha dərindən sevməyə, yağı düşmənin işğal etdiyi torpaqlarımızı azad etmək üçün hər şeyə hazır olmağa səslədi. Sən demə Prezidentimizin ürəyində ”Nəyi necə, nə zaman etməyi özüm bilirdim” kimi məlum fikri o vaxtdan yer alıbmış və o, gənclərimizi cəmi bir ildən sonra başlayacaq Vətən müharibəsinə indidən hazır olmağa çağırırmış. 100 illik yubileydən az sonra dünyanı bürüyən, çox-çox tədbirləri yarımçıq qoyan ”Covid-19” pandemiyası başladı. Mənim doğma Universitetim bu çətin şəraitdə onlayn fəaliyyət formatına keçdi və sanki belə bir formata çoxdan hazırmış kimi tələbələrimizin təhsilini yüksək şəkildə davam etdirməsinə şərait yaratdı. Bakı Dövlət Universiteti müəllimlərin informasiya texnologiyasını onlayn formatı üçün tezliklə hazırladı və bu sahədə heç bir problem yaranmadı.
Mən bu zamanlar artıq Universiteti bitirmiş bir məzun idim və bundan sonrakı faktları, əsasən Universitetin saytından müşahidə etmişəm.
Pandemiya dövründə dünyanın bu sərt qərara qarşı apardığı müharibədə Azərbaycan xalqnı bu bəladan qorumaq üçün dünyada ən tədbirli ölkələrdən biri oldu. Amma pandemiya müharibəsi az imiş kimi bədxah Ermənistanın Tovuz rayonu sərhədlərindən Azərbaycana hücumu bizi Vətən müharibəsinə təhrik etdi, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz bütöv bir xalqın müzəffər ordumuzla, Ali Baş Komandanla birgəliyi nəticəsində oldu. Bu birgəlikdə Azərbaycan xalqının 100 ildən bu günə qürur mənbəyi olan
Bakı Dövlət Universitetinin də çox böyük rolu oldu. Mənim Universitetimin neçə-neçə illər əvvəlin məzunları, bu günkü tələbələri həm rəsmi qulluqda olan əsgər kimi, həm də könüllülər dəstəsinə qoşulan vətənsevər kimi heyrətamiz bir vətən məhəbbəti göstərdilər.
Vətən müharibəsinin başlanğıcında BDU Elmi Şurasında Rektor Elçin Babayev təklif irəli sürür: Ordumuzun Yardım Fonduna Universitet büdcəsindən vəsait ayırmaq. Elmi Şuranın bütün üzvləri təklifi ürəklə qarşılayır və hətta universitet əməkdaşlarından kim istəsə öz maaşından da yardım fonduna müəyyən məbləğ vəsait ayıra bilər. Amma tam könüllü olaraq. İlk olaraq rektor özünün bir aylıq maaşını Fonda köçürəcəyini bildirir, İkinci, akademik Vasif Babazadə, üçüncü professor Cahangir Məmmədli özlərinin bir aylıq maaşlarını fonda köçürmək qərarına gəlirlər. Universitetin bütün əməkdaşları bu təklifdən çox razı qalırlar və hər kəs öz maaşından ordumuzun Yardım Fonduna vəsait ayırır.
Bu da mənim Universitetimin vətənpərvərlik tədbiri: 44 günlük Vətən müharibəsi günlərində Universitetin publisistikaya meyilli əməkdaşları Ermənistanın işğalçılıq siyasətini ifşa edən, xalqımızı düşmənə qarşı birləşməyə səsləyən saysız-hesabsız məqalələrlə çıxış edirlər. Rektor Elçin Babayevin hər həftə qəzetlərimizdə dərc olunan publisistik yazıları bu günün aktual problemlərinin ifadəsi oldu. Bu yazılar Prezidentinizin, Ali Baş Komandanımızın o çətin günlərdə qələbə əzminə hesablanmış tədbirlərinin təhlillərini oxucuya çatdırdı. 44 günlük Vətən müharibəsi dünyada analoqu olmayan şanlı qələbə ilə bitdi. Mənim Universitetim və onun Elmi Şurası, əməkdaşları Azərbaycanın haqq səsini dünyaya çatdırmaq işində uğurlar qazandılar. Universitetimiz postmüharibə dövründə öz fəaliyyətini bir az da genişləndirdi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrundakı Vətən müharibəsində şəhid olmuş Universitet məzunları və tələbələrinin ailələrinə qayğı aksiyaları, qazilərimizlə mütəmadi görüşlər, gənc nəslin vətənpərvərlik uğrunda tərbiyəsinə birbaşa təsir göstərən faktlar sırasındadır. Universitet Elmi Şurası şəhid olmuş IV kurs tələbəsinin diplomunu hazırlayıb onun ailəsinə təqdim etmək qərarı qəbul etmişdir. Çox duyğulu bu aksiya həm BDU-da, həm də bütövlükdə təhsil mühitində bir hadisə kimi qəbul edilmişdi.
Bakı Dövlət Universiteti Ümummilli Liderimiz Heydər Əliyevin anım günlərini həmişə xüsusi tədbir formatında qeyd edir. Pandemiya şəraitində belə Universitet dövlətçiliyimizin, milli maraqlarımızın formalaşması və qorunmasında misilsiz xidmətlər göstərmiş Ulu Öndərin- Universitetin ən mötəbər məzunun anım günü geniş tərkibdə qeyd etdi. Onlayn formatda keçirilən bu tədbirdə Universitetimizin və ölkəmizin sayılıb seçilən şəxsiyyətləri ilə bərabər, dünyanın bir sıra nüfuzlu dövlət və ictimai xadimlər də qatıldı. Ulu Öndərin anım gününü onun qurduğu Azərbaycan dövlətinin Vətən müharibəsindəki möhtəşəm Zəfər qələbəsi ilə üst-üstə qeyd olundu.
2021-ci ilin yay imtahan sessiyasında imtahan verən tələbələrimizlə söhbətlərimiz olur. Tələbələrin hamısı imtahan müddətində müəllimlərin onlara səmimiyyətindən və rəğbətindən danışır. Pandemiya şəraitində onlayn formatında internet problemi ilə üzləşən və uzaq kənd yerlərindən dərsə qoşula bilməyənlərin bir çoxuna mənim doğma Universitetim xüsusi “internet payı” göndərmişdi. Adətən, semestr zamanı müəyyən saat dərs buraxan tələbələr imtahana buraxılmırlar. Rektor Elçin müəllimin təklifi ilə Elmi Şura yay imtahanlarında bu qadağanı ləğv edir və hamı bir nəfər kimi imtahanlara buraxılır. Universitet elm və təhsil müəssisəsidir. Bu anlayışdakı “elm” sözü Universitetdə elmi göstəricilərə diqqət tələb edir. Yeni rəhbərlik Universitetdə elmin inkişafı üçün çox ciddi tədbirlər görməkdədir. Bu tədbirlər lap elə pandemiya dövründə də Universitetin büdcəsinə çox böyük pul vəsaiti gətirir.
Şəraitin çətinliyinə baxmayaraq yenə də “Məzun Günü” təxirə salınmır. Maraqlı bir filmə bənzəyən bu məzun günündə universitetin ağsaqqal müəllimləri, Rektor başda olmaqla bütün fakültələrin sayılıb-seçilən əməkdaşları məzunları təbrik edirlər. Məzunların duyğulu ürək sözləri yaddaşlarda qalmaqdadır.
Mənim doğma Universitetim! Heç bir pandemiya, heç bir ağır şərait sənin xalqa xidmət missiyanı, Vətənə, tələbələrə olan sevgini zəiflədə bilmədi. İndi sənin auditoriyaların 1-ci kursun minlərlə tələbəsini gözləyir. Min bir arzu ilə səni seçmiş o tələbələr doğma bir ocağa, Vətən məhəbbətinə bürünmüş bir elm və tədris məbədinə ayaq basacaq.
Və onda bir daha hiss edəcəklər ki, onlar müqəddəs bir məkanda Vətən üçün hazırlanan gənc kadrlar sırasının başlanğıcında dayanıblar. Doğma Universitetimin və onun çoxminlik tələbələrinin yeni dərs ili uğurlu olsun.
Mehdizadə Günel