“Mənim ana dilim – mənim kimliyim” adlı seminar
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatı və Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə görkəmli şair, dramaturq və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mənim ana dilim – mənim kimliyim” adlı seminar keçirilib.
Seminarın əsas məqsədi Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dilinə, milli kimliyə və mənəvi dəyərlərə verilən önəmin gənc nəslə çatdırılması, eyni zamanda ana dilinin mediada və jurnalistikada qorunmasının vacibliyinin vurğulanması olub. İTV-nin aparıcısı Saleh Bağırovun təqdimatı ilə baş tutan tədbirdə görkəmli şairin zəngin yaradıcılığı, onun poeziyasında milli kimlik, mənəvi dəyərlər və ictimai düşüncənin ifadəsi müzakirə olunub. Çıxış edənlər Bəxtiyar Vahabzadənin əsərlərində Azərbaycan dilinin saflığının qorunması, milli şüurun formalaşdırılması və dilin xalqın kimliyinin əsas göstəricisi olması mövzularına toxunublar. Bildirilib ki, şairin irsi bu gün də öz aktuallığını qoruyur və gənclər üçün mühüm ideoloji mənbədir.
Seminar çərçivəsində ana dilinin jurnalistikada rolu, mediada dil normalarına riayət olunması, milli-mənəvi dəyərlərin təbliği və dil məsuliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İnteraktiv formatda keçirilən seminar tələbələrin fəal iştirakı ilə yadda qalıb. Tədbirin
sonunda vurğulanıb ki, ana dilinə hörmət milli kimliyin qorunmasının əsas şərtlərindən biridir və bu dəyərlərin yaşadılmasında gənclərin, xüsusilə gələcək jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.