"Mediada uşaq hüquqlarının müdafiəsi: hüquqi və etik yanaşmalar" mövzusunda tədbir

Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti maarifləndirici seminar-təlim təşkil edib.
Seminarın əvvəlində çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu cari il ərzində dördüncüsü təşkil edilən təlim-seminarın əhəmiyyətindən bəhs edib. O bildirib ki, hər tədris ili üzrə bir neçə dəfə təşkil edilən görüşlərə tələbələr tərəfindən maraq yüksəkdir. Hər dəfə yeni və aktual mövzuların seçilməsi isə tələbələrdə xüsusi diqqət və iştiraka təşəbbüs yaradır.
Daha sonra Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə qurumun fəaliyyət istiqamətləri, qanunvericilik çərçivəsində icra etdiyi işlər, o cümlədən audiovizual sahədə media subyektlərinin maarifləndirilməsi istiqamətində mütəmadi görülən işlər, hədəflər barədə ətraflı məlumat verib.
Seminarın növbəti hissəsində Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Mediada uşaq hüquqlarının müdafiəsi: hüquqi və etik yanaşmalar" mövzusunda geniş təqdimatla çıxış edib. O, tələbələrə ümumilikdə audiovizual məzmunda həssas yanaşılmalı məsələlər barədə məlumat vermiş, qanunvericilik, hüquqi tənzimləmə mexanizmlərindən danışmış, həmçinin bir sıra nümunələrlə auditoriyaya geniş izah edib. Daha sonra A.Sadıqlı uşaq hüquqlarının qorunması istiqamətində son dövrlər qəbul edilmiş qanunvericilik normalarının əhəmiyyətindən də danışıb.
İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran çoxsaylı sualların cavablandırılması, real nümunələrin izahı və geniş müzakirəsi ilə yekunlaşıb.